Tibb işçilərinə may ayı üzrə ödənilən MƏBLƏĞbackend

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 8 376 nəfər tibb işçisinə, 2 476 nəfər qeyri-tibb işçisinə may ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödəyib.

Agentlikdən Busaat.az-a verilən məlumata görə, Bakı şəhəri üzrə 61, respublikanın digər şəhər və rayonları üzrə 87 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçilərinə may ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 13.7 milyon manat müddətli əlavə ödənilib.

Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına iş vaxtına mütənasib olaraq müddətli əlavələr aşağıdakı qaydada ödənilib:

1.Tibbi profilaktik tədbirləri həyata keçirən 2 172 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 1.8 milyon manat ödənilib.

Ay ərzində iş günlərinə/saatlarına mütənasib hesablama düsturu: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı / aylıq iş günlərinin sayı/iş saatlarının toplamı) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli

Agentliyin Maliyyə departamentinin rəhbəri Rasim Həsənov aşağıdakı nümunə ilə hesablamanı izah edir: “Poliklinikada çalışan tibb qardaşının 5-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 294 manatdır. Tibb qardaşı koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 10 gün işə cəlb olunubsa, deməli 400 manat 91 qəpik müddətli əlavə almalıdır. 400.91 = ((294 / 22) x 10) x 3. Qeyd edim ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq”.

2.Təcili tibbi yardım xidməti göstərən 3893 nəfər tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 287 nəfər laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 6.7 milyon manat ödənilib.

R.Həsənov aşağıdakı nümunə ilə hesablama qaydasını izah edir: “Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım feldşerinin 8-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 332 manatdır. Feldşer koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 120 saat işə cəlb olunubsa, deməli 1225 manat 85 qəpik müddətli əlavə almalıdır. 1125.85 = ((332 / 130) x 120) x 4.

Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq”.

3.Pasiyentlərə stasionar tibbi xidmət göstərən 2024 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 2.9 milyon manat ödənilib.

Maliyyə departamentinin rəhbərinin izahı: “Xəstəxanada çalışan tibb bacısının 8-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 332 manatdır. Tibb bacısı koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 10 gün işə cəlb olunubsa, deməli 754 manat 55 qəpik müddətli əlavə almalıdır. 754.55 = ((332 / 22) x 10) x 5. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq”.

Onu da qeyd edək ki, 2 476 nəfər qeyri-tibb işçisinə 3-5 misli məbləğində 2.3 milyon manat müddətli əlavə verilmişdir. Nümunə: Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan xadimənin 3-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 271 manatdır. 5 günlük iş həftəsində çalışan xadimə koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 10 gün işə cəlb olunubsa, deməli 369 manat 55 qəpik müddətli əlavə almalıdır. 369.55 = ((271 / 22) x 10) x 3. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq.

Məlumat üçün bildirək ki, dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən may ayı üzrə müddətli əlavələrin ödənişi davam edir.

Qeyd edək ki, mart ayı üzrə Agentlik tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 21634 tibb işçisinə, 2 386 qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 11.7 milyon manat, aprel ayı üzrə isə 10354 tibb işçisinə, 2 734 qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 13.9 milyon manat müddətli əlavə ödənilib.