Türkiyənin təhlükəsizlik qüvvələri ölkə daxilində “Qəhrəmanlar” kod adlı genişmiqyaslı antiterror əməliyyatı keçirir.
Busaat.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya özünün sosial media hesabında bildirib.
“Yerli vaxtla saat 8:30-a Türkiyə ərazisində 13 440 təhlükəsizlik əməkdaşının iştirak etdiyi 466 antiterror əməliyyatı keçirilib. “Qəhrəmanlar” əməliyyatı çərçivəsində Mersində 12 terror təşkilatı üzvü həbs edilib. Van, Şanlıurfa, Mardin və Aydın Diyarbəkir, Qaziantep, İstanbul, Bursa, Batman, Dənizli, Adana, Kayseri, Antalya, Konya, Isparta və Kocaelidə keçirilən əməliyyatlarda azı 55 terrorçu şübhəli saxlanılıb”, – nazir qeyd edib.
Bu arada, yerli KİV-in məlumatına görə, son sutka ərzində qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqədə şübhəli bilinən 110-dan çox adam tutulub.
Qeyd edək ki, əməliyyatlar Ankarada Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında PKK-nın üzərinə götürdüyü terror aktından sonra həyata keçirilir. Oktyabrın 1-də iki terrorçu binanın darvazalarına yaxınlaşıb və onlardan biri mühafizə postunda partlayıcını işə salıb. Atışma olub, nəticədə ikinci terrorçu zərərsizləşdirilib. İki polis əməkdaşı yüngül yaralanıb. Daxili İşlər Nazirliyi hücum edənlərdən birinin PKK üzvü olduğunu müəyyən edib.