Macarıstanın baş naziri Viktor Orban Rusiyanın gücləndiyini, Qərbin isə zəiflədiyini qeyd edib.
Busaat.az xəbər verir ki, Orbanın fikirlərini Kossuth radiostansiyası yayıb.
Macarıstanın Baş naziri Viktor Orban Ukrayna münaqişəsinin sonrakı mərhələsində Avropada yeni təhlükəsizlik sisteminin qurulmasının vacibliyini vurğulayıb. O, Rusiyanın bu münaqişə zamanı gücləndiyini, Ukrayna və onun Qərb müttəfiqlərinin isə əksinə, zəiflədiyini bildirib. Baş nazir qeyd edib ki, Moskva ilə Kiyev arasındakı münaqişə başa çatdıqdan sonra Avropada yeni təhlükəsizlik sistemi yaradılmalıdır.
“Rusiya dəyişib – çox güclənib, Ukrayna isə çox zəifləyib. Məlum oldu ki, Avropa hərbi baxımdan son dərəcə zəifdir. Çünki Rusiya ilə münaqişə halında lazım olan qədər silah və resurslara malik deyil. Müharibə üçün kifayət qədər maliyyə də yoxdur, bu da Avropanın zəifliyini göstərir”, – deyə Orban əlavə edib.
O həmçinin bildirib ki, yeni təhlükəsizlik sisteminin qurulması ilə bağlı danışıqlar gələn bir-iki il ərzində keçirilə bilər.
Bundan öncə Orban Qərb sivilizasiyasının beş yüz illik hökmranlıq dövrünün sona çatdığını və qlobal iqtisadiyyatın mərkəzinin Şərqə keçdiyini söyləyib. Onun fikrincə, qarşıdan gələn əsr Avrasiya əsri olacaq.
Zeyd Bağırzadə