Türkiyənin Suriyanın şimalında mümkün quru əməliyyatı gündəmdə qalarkən, ABŞ mətbuatında diqqətçəkən xəbərlər yayılıb.
Suriyanın şimalında PKK/YPG terror təşkilatına qarşı hava əməliyyatını davam etdirən və quru əməliyyatına hazırlaşan Türkiyənin addımları ABŞ-da da yaxından izlənilir.
ABŞ-ın aparıcı media orqanlarından biri olan “Washington Post” qəzeti hakimiyyət orqanlarına istinadən yaydığı xəbərdə, ABŞ-ın 2012-ci ildə terror təşkilatı PKK/YPG-nin təşkil etdiyi Suriya Demokratik Qüvvələri ilə əməkdaşlığı artıracağını yazıb. Burada ABŞ-laTürkiyə arasında artan gərginliyə diqqət çəkilib.
Mövzu ilə bağlı danışan ABŞ rəsmiləri Pentaqonun Suriya Demokratik Qüvvələri ilə birgə patrul xidmətini artıracağını bildirib. Bu vəziyyət isə, şübhəsiz ki, ABŞ və Türkiyə arasındakı gərginliyi daha da artıracaq.
TERRORİSTLƏR ABŞ-a “BİZİ UNUTMAYIN” DEYƏ YALVARMIŞDILAR
13 noyabrda Taksimdə 6 nəfərin ölümü ilə nəticələnən bombalı hücumdan sonra Türkiyənin Suriyada başlatdığı “Pence Kılınc” əməliyyatından sonra ABŞ bir müddət Suriya Demokratik Qüvvələri ilə birgə hərbi əməliyyatlarını azaltmaq məcburiyyətində qalıb. Bundan sonra Suriyadakı terror təşkilatlarına dəstək verən ABŞ Türkiyənin hava əməliyyatı və mümkün quru əməliyyatına qarşı açıqlamalar verib və terrorçular ABŞ-dan əlavə yardım istəyiblər.
Suriya Demokratik Qüvvələrinin lideri Mazlum Abdi ötən həftə Washington Post qəzetində “Biz sizin Suriyada ən sadiq müttəfiqinizik, bizi unutmayın” başlıqlı məqalə dərc edib.
Üç ABŞ rəsmisi Washington Post-a bildirib ki, Türkiyə bu ay Suriyada quru əməliyyatına başlaya bilər. Mənbələr bunun Suriyadakı amerikalıları və bölgədəki sabitliyi riskə atacağını iddia edib.
Aralarında terror təşkilatlarının da olduğu Suriya Demokratik Qüvvələrini “ABŞ-ın etibarlı tərəfdaşı” olaraq xarakterizə edən ABŞ ordusunun sözçüsü Cozef Buccino, Türkiyənin təşkil etdiyi hava əməliyyatlarından ABŞ-ın bölgədəki əsgərlərinin çoxunu daha təhlükəsiz yerlərə çəkdiyini açıqlayıb. ABŞ-ın Suriyanın şimalında 900-ə yaxın əsgərinin olduğunu xatırladan Buccino ABŞ qüvvələrinin daha çox İŞİD qüvvələrinin yerləşdiyi düşərgələrin ətrafında fəaliyyət göstərdiyini bildirib.
Suriya Demokratik Qüvvələrindən Ferhad Şami bildirib ki, Türkiyə və Türkiyənin dəstəklədiyi qüvvələrin Suriyanın şimalında quru əməliyyatı keçirəcəyinə dair məlumatlara sahibdirlər.
Busaat.az