Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə, Qərbi Azərbaycan İcması, “İRƏLİ” İctimai Birliyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dillər Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilati dəstəyi ilə “Qərbi Azərbaycan mədəniyyəti” festivalı keçirilib.
Busaat.az xəbər verir ki, festival çərçivəsində Azərbaycan Dillər Universitetində “Qərbi Azərbaycan mədəniyyətinin təbliğində gənclərin rolu” mövzusunda ictimai müzakirə keçirilib. Tədbirdə Qərbi Azərbaycan İcmasının nümayəndələri, elm və incəsənət xadimləri və gənclər iştirak ediblər. Azərbaycan Dillər Universitetinin tələbələrinin ifasında bədii kompozisiya təqdim edilib. Mövzu ilə bağlı çıxışlar dinlənilib.
Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestirinin ifasında Dövlət himni və “Koroğlu” operasından uvertüra əsərinin səsləndirilməsi ilə başlayan festivalın təntənəli bağlanış mərasimində Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Qədir Xəlilov, “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, Milli Məclisin deputatı Səbinə Xasayeva və layihənin müəllifi Nigar Əliyeva çıxış edərək festivalın həyata keçirilməsində gənclərin iştirakçılıq qabiliyyətinin artırılmasının əhəmiyyətinin, Qərbi Azərbaycana qayıdış prosesində ölkə gənclərinin maarifləndirilməsi istiqamətində ideya və təşəbbüslərinin dəstəklənməsinin söhbət açıblar.
Bildirilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinin sonunda əldə olunmuş parlaq qələbə bizi tarixi, əzəli Qərbi Azərbaycan torpaqlarına da aparmağa böyük ümidlər aşılayır.
Ardınca Qərbi Azərbaycana məxsus tarixi fotolar və rəsm əsərləri, həmçinin bu coğrafi əraziyə aid müxtəlif kulinariya nümunələri sərgilənib.
Festivalın bədii hissəsində “Gülüstan” rəqs ansambılı və “Dəcəl qızlar” rəqs qrupunun ifasında müxtəlif rəqs kompozisiyaları təqdim olunub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təıəbələrindən ibarət xalq çalğı alətləri ansambılının müşayiəti ilə gənc, istedadlı xanəndələr Mehri Fərəczadə, Məftun Səfərli, Səfiyyə Yaqublu və Mədinə Səlimovanın ifasında müxtəlif xalq və bəstəkar nəğmələri, həmçinin G.Şaroyev adına 35 saylı 11 illik musiqi məktəbinin şagirdlərinin ifasında aşıq musiqisi nümunələri təqdim edilib.
Festivalın təşkilində xüsusi fərqlənən tərəfdaş və gənclər təşəkkürnamə ilə təltif ediliblər.
Festivalın keçirilməsində əsas məqsəd Qərbi Azərbaycanın tarixi, mədəniyyəti və coğrafiyasını gənclərə tanıtmaq, Azərbaycan həqiqətlərini doğru və ətraflı şəkildə çatdırmaqdır.