Məryəm Ana evi və yaxud inanc mərkəzi
Yolunuz Türkiyənin ən qədim şəhərlərindən biri İzmirə düşsə, özünüzü “nağıllar aləmində”ki kimi hiss edə bilərsiz. Həm də İzmirə nağıllar şəhəri desək, yanılmarıq. Turistlərin bu şəhəri çox sevməsinin əsas səbəblərindən biri də onun məhz “nağıllar aləmi” olmasıdır. Türkiyə Mədəniyyət və Turzim Nazirliyinin dəvəti və nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə bu ölkədə işgüzar səfərdə olan azərbaycanlı jurnalistlər İzmir səfəri davam edir. Azərbaycanlı jurnalistlər bu dəfə “nağıllar şəhəri” İzmirdə olublar. Onlar İzmirdən 80 kilometrlik məsafədə Səlcuq şəhərinin yaxınlığında yerləşən qədim Məryəm ana məbədini ziyarət ediblər.
Bülbül dağının qoynunda yerləşən müqəddəs Məryəm Ana Evini görmək üçün yola düzəlirik. Məryəm Ana Evi xristiyanların, turistlərin və müsəlmanların tez-tez baş çəkdikləri bir yerdir. Ev şəhər mərkəzindən 7 km uzaqlıqda yerləşdiyi üçün ora ancaq taksi və ya şəxsi avtomobil ilə getmək mümkündür. Bülbül dağının başına dolanan dar yolları keçdikcə bir şey məni çox düşnüdürdü. Görəsən o vaxtlar yaşlı Məryəm ananı bu dik yollarla necə gətiriblər, bu dağın başına necə çıxarda biliblər. Evin yerləşdiyi yerə çatmamış insanları yolun sağ tərəfində ucaldılan nəhəng Məryəm Ana heykəli qarşılayır. Evə doğru aparan dar küçənin hər iki tərəfi digər turistik yerlərdə olduğu kimi hədiyyəlik əşyalar satılan dükanlarla əhatələnib. Yolu yarıladığım yerdə sağ tərəfdə Məryəm Ana və Məryəm Ana Evi haqqında bir neçə dildə yazılan məlumat tabloları ilə qarşılaşdım. Tabloların bitdiyi yerdə isə Məryəm Ananın heykəlini görmək mümükündür. Pandemiya, koronavirus olsa belə burada hər zaman turist sıxlığını görmək olar. Avropalı, asiyalı, rus, bolqar, istənilən millətin nümayəndəsini burada tapa bilərsən. Amma bura nə qədər turist gəlsə belə, darısqallıq olmur. Çünki Məryəm Ana Evinin həyəti olduqca genişdir. Hər yer yaşıllıq və nəhəng ağaclarla əhatə olunub. Aldığım məlumata görə Məryəm Ana Evi arxitektura baxımından heç bir dəyişikliyə uğramayıb. İçərisində sadəcə dekorativ dəyişiklik edilib. Həyətdə taxta oturacaqlardan ibarət bir məkan mövcuddur ki, burda həftənin bazar günləri saat 11:30-da dini ayinlər həyata keçirilir.
İki otaqdan ibarət olan kiçik evin sağ tərəfində yerləşən bu yer isə Xristianların dini ayinlərindən biri olan şam yandırma mərasimi həyata keçirilir. Deyilənə görə əvvəllər bunlar evin içində olub, ancaq ziyarətçilərin sayı çox olduğu üçün evin həyətinə köçürülüb. Belə şeylərə inanmasam da, adət yerini tapsın deyə bir şam da mən yandırdım.
Məryəm Ana ocağının şəfalı suyu
Məryəm Ana Evinin aşağı hissəsindəki bulaqların üstündə məhəbbət, sağlamlıq, zənginlik yazılıb. Deyirlər ki, bu sözləri bulaqların üstünə sonradan diqqət çəkmək məqsədi ilə yazılıb. Ziyarətçilər bu suyun şəfalı olduğuna inanırlar. Bulaqdan su içməklə yanaşı, hərə bir şüşüə su da özü ilə ölkəsinə aparır.
“Niyyət divarı”
Bir qədər aşağıda qarşıma üstündə kağız və plastik qabların asıldığı bu divar çıxdı. Bura “niyyət divarı”adlanır. Bura gəzməyə və ya ziyarətə gələn bəzi insanlar gedərkən niyyətlərinin bir kağız parçasına, ya da plastik qablara yazaraq bu divardan asırlar.
Məryəm Ana Evinin atmosferi
İndi sizlərə kilsənin içərisindən, gələn turist və ziyarətçilərdən, o mənəvi havadan bəhs etməyə çalışacam. Məryəm Ana Evinə gəlməzdən əvvəl İzmirdə bu ev haqqında məlumat verən bir tanışım mənə bunları tövsiyyə etdi: “Oranı turist kimi gəzməklə yanaşı, o evin mənəviyyatını da hiss etməyə çalış. İçəriyə girdiyin zaman gözlərini yum. Məryəm Ana ilə söhbət etməyə çalış”. İçəri girdiyim zaman gözlərimi yummağa vaxt tapa bilmədim. Amma gözlərimi yummadan da Məryəm Ananın nəfəsini o divarlar arasında hiss etmiş kimi oldum. Çöldəki hay-küy, qarğaşa bu kiçik evin sükutu içində itib-batmışdı. İçəri girən hər kəs sadəcə dua edirdi.
Məryəm Ana Evinin içinə girən hər kəsdən başlarını və bədənlərinin açıq nahiyyələrini örtmək xahiş olunur. İçəridə foto çəkmək qəti qadağandır.
Məryəm Ana Evi, girişdən kiçik bir dəhlizdən, orta və çıxış hissədən ibarətdir. Evin giriş hissəsində sağ tərəfdəki divarda mərmər lövhədə vaxtı ilə buranı ziyarət edən papaların adları yazılıb. Eyni girişdə, sol tərəfdəki dolabın üstündən asılmış çəlik, uşaq ayaqqabıları, boyunbağılar diqqətimi çəkdi. Bunların nə olduğunu mühafizəçidən öyrəndim. Sən demə burda dua edən insanların duaları qəbul olandan sonra şükür məqsədiylə müxtəlif əşyalarını Məryəm Ana Evinə hədiyyə edirlər. Hətta əvvəllər bunlar evin içərisində olub, ancaq hədiyyələrin sayı çoxaldıqca onlar üçün rahiblərə məxsus otaqda xüsusi bir guşə düzəldilib.
Evin ortasında, salon hissəsində kiçik oturacaqlar qoyulub. Hər halda bunlar ziyarətə gələnələrin ibadət etmələri üçündür. Başda isə Məryəm Ananın bürüncdən hazırlanmış heykəli dayanıb. Bu bürünc heykəl İncildən bəhrələnərək hazırlanıb. Məryəm ana heykəlinin ayaqları dünyanın üstündədir.
Heykəldə ilk baxışdan görünməyən bir hal var ki, onu ancaq diqqətlə baxdıqda fərq etmək olur. Məryəm Ana heykəlinin əlləri yoxdur. Bu heykəl Birinci Dünya müharibəsi zamanı oğurlanıb. Çox sonralar heykəl evin aşağı hissəsində yerləşən bir dərədən tapılaraq geri gətirilib. Heykəlin zərər görən yeganə hissəsi əlləridir. Evin çıxışındakı sağ tərəfdəki divarda Məryəm Ana qucağında Həzrəti İsa ilə divara motivisasiya edilərək üstü şüşə örtüklə örtülüb.
Məryəm Ana Evinin tapılması
Məryəm Anaya aid olan modern tarix XIX əsrin birinci yarısında Almaniya Sahillərində, Vestfalyanın bir qəsəbəsində, Dülmen ətrafındakı kəndli qadın Anna Katerin a Emmerikin xəstə yatağından başlayır. Çarəsiz bir xəstəliyə tutulan Emmerik ömrünün on iki ilini iztirab içində və yataq şəraitində yaşayıb. Lakin İsa Məsihin və Məryəmin həyatı haqqında sahib olduğu görüntülər sayəsində təsəlli tapıb.
Emmerikin yuxularının davam etməsi ictimaiyyətin marağına səbəb olub. Belə ki, Klemens Brentano adlı alman romantizm cərəyanı şairi, 1818-ci ildə Emmerikin katibi kimi Dülmenə köçür. Gün keçdikcə Emmerikin söylədiklərini qeyd etməyə başlayır. Şair bir müddət sonra topladığı bu materialları nəzərdən keçirdir və “Rəbbimiz İsa Məsihin əzabı”adlı bir kitab yazır. Onun ölümündən sonra isə “Anna Katerina Emmerikin gözə görünmələrinə görə “Məryəmin həyatı” adlı kitab nəşr edilir. Kitablar oxunduğu zaman, bu yer haqqındakı məlumatlar kilsə rahiblərinin diqqətini çəkir. Yazılanların həqiqət olub, olmadığını araşdırmaq üçün yola çıxırlar və Efesə gəlirlər. Kitabda tərif edilən yerə-dağın yüksəkliklərinə çıxırlar. Yorulub susayan tədqiqatçılar yuxarıda bir tarlada işləyən qadınları görüb su istəyirlər. Qadınlar sularının qurtardığını, amma aşağıda su tapa biləcəklərini söyləyirlər. Su içmək üçün getdikləri bu yerdə ağacların arasında köhnə bir ev qlığının olduğunu görür və kitabda bəhs edilən yerin bura olduğunu anlayırlar. Məryəm ana Evi haqqında aparılan araşdırmalar nəticəsində gəlinən ilkin nəticəyə görə ev birinci yüz illiyə aiddir.
İsanın göyə yüksəlməsindən sonra Məryəm üç il Qüdsdə, üç il Beytanyada, doqquz il, yəni ömrünün son illərini Efesdə bu kiçik evdə yaşayıb.
Efes
Növbəti səfər qədim Efes şəhərinə oldu. Qədim metropolisinin bir neçə min il yaşı var. Təbii ki, yarandığı günün əvvəlində şəhərin adı fərqli olub. Lakin bu yerlərdə məskunlaşma hətta Neolit dövrü, yəni on minlərlə il əvvələ qədər gedib çıxır. Şəhər dəniz sahilində yerləşib və buna görə də ticarət yollarının kəsişməsində dayanıb. Bu, şəhərin inkişafına və antik dövrün ən böyük meqapolislərindən birinə çevrilməsinə imkan verib. Nəticədə şəhəri xarab edən dəniz Efesi ticarətdən çəkib və şəhər tədricən viran olub.
Rəvayətə görə, Afina hökmdarı Codranın oğlu Androklus Delphic Oracledan yeni bir şəhər tapması üçün bir sifariş alıb. Yeni şəhər üçün yer ona od, balıq və çöl donuzu ilə göstərilməli idi. Androklus Egey dənizinin sahili boyunca “əlamətlər” axtarmağa başlayəb və gözəl bir körfəzin sahilinə gəlib və burada şəhər salınıb. Vəhşi qaban ona bir abidənin qoyulduğu şəhərin simvolu olub. Şəhərin inşası zamanı Androklus Amazonlardan olan döyüşçü bir qəbilə ilə görüşməli imiş. Rəvayətə görə, amazon qadına aşiq olan Androklus bu qadınla evlənib və şəhər bu qadının şərəfinə adlandırılıb. Sonralar demək olar ki, bütün amazonlar yunan köçkünlərinin arvadı olublar.
Efes təəccüblü dərəcədə böyük, yaşı qədər qorunub saxlanan parlaq bir şəhərdir. Bir vaxtlar Roma İmperiyasının və bütövlükdə Avropanın ən məşhur və ən gözəl şəhərlərindən biri olub. İmperatorluğun içərisində Romadan sonra ikinci ən əhəmiyyətli şəhər idi və xaricində də o dövrün ən böyük limanlarından biri olaraq tanınırdı. Burada hər şey vardı: böyük gözəl binalardan tutmuş, su təchizatı sisteminə, ictimai tualetə və ictimai kitabxanaya qədər. Yəqin ki, o günlərdə burada yaşamaq nadir uğur hesab olunurdu.
Tarix boyu Efes şəhəri eniş-yoxuşlarla üzləşib. Şəhər müxtəlif vaxtlarda kimmerlər, qotlar, farslar və romalıların hücumuna məruz qalıb. Efesdə çox sayda maraqlı yer var. Efesin ən məşhur yeri Selsi kitabxanasıdır. Selsi Kitabxanası memar Tiberius Julius Aquili tərəfindən inşa edilib. İnşaat eramızdan əvvəl 114-cü ildə başlasa da e.ə 135-ci ildə tamamlanıb.
Efes UNESCO-nun Dünya İrsi Siyahısına daxildir.
#GoTürkiye
#OnlyInTürkiye
#ReTurkey
#SafeTourism
#ReadyAndSafeTürkiye
#SafeTourismTürkiye
Emin Fərzəliyev / İzmir