Biznes qurumlarından şikayətlər yağış kimi yağır:  Daha çox bu sahədən şikayət olunur

image-247backend
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tələbləri pozduğuna görə Azərbaycan Dəmir Yolları QSC-ni 246 241 manat cərimələyib. Cərimələnməyə səbəb kimi qurumun inhisarçı davranışları göstərilib.

Busaat.az-ın məlumatına görə, belə ki, ekspeditor xidmətləri və konteyner daşımaları bazarında təsərrüfat subyektlərinin müstəqilliyinin əsassız olaraq məhdudlaşdırılması və onlara qarşı dempinqin tətbiqi üçün şərait yaradılması, müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsi, kontragentə (qarşı tərəf) sərfəli olmayan müqavilə şərtlərinin məcburi qəbul etdirilməsi, bazarda rəqabətin məhdudlaşdırılmasına səbəb olan üfüqi və şaquli sazişlərin bağlanması, rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması əlamətləri ilə bağlı araşdırmalar aparılıb. Nəticədə, “Azərbaycan Dəmir Yolları” QSC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Busaat.az-a açıqlamasında bildirib ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsas vəzifələrindən biri də istehlakçı hüquqlarını qorumaqdır.

Onun sözlərinə görə, bəzi biznes qurumlarından şikayətlər Azad İstehlakçılar Birliyinə yağış kimi yağır. Xüsusən də mobil telefonlar, müxtəlif texniki vasitələr satanların şikayəti daha çoxdur:

“Birliyimizə daxil olan şikayətlərdən həll edə bilmədiklərimizi ərizə formasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndəririk. Həmin qurum birliyimizin və vətəndaşın ərizəsi əsasında qarşı tərəfə məktub göndərir. Daha sonra istehlakçı hüquqlarını pozan biznes qurumun müvafiq cavabını Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Birliyimizə və vətəndaşa göndərərkən sonunda standart olaraq “Buyurun, məhkəməyə müraciət edin” sözünü yazır. Bu, dövlət qurumunun effektsiz fəaliyyətinin nəticəsidir”.

Eyyub Hüseynov, AİB sədri

Müsahibimiz qeyd edib ki, istehlakçı hüququnun pozulması məsələsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti heç bir yoxlama keçmir və hər hansısa addım atmır:

“ Bu, onu göstərir ki, ölkədə istehlakçı hüququnun qorunması məsələsi bərbad vəziyyətdədir”.

AİB sədri təklif edir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda dəyişiklik edilməlidir.

“Mən 4 ildən bir keçirilən dünya konqreslərində iştirak edirəm. Bir dəfə də olsa, beynəlxalq təşkilatlara Azərbaycan haqqında mənfi hesabat verməmişəm. Özüm özümü aldatmışam ki, ölkəmizin adı pis hallanmasın. Bəlkə də düzgün etməmişəm. Çünki adıçəkilən dövlət qurumu illər keçdikcə daha da zəifləyib və istehlakçı hüquqlarından daha da uzaqlaşıb”, – deyə Eyyub Hüseynov qeyd edib.


Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki