“Əgər ev sənədsizdirsə, sığortalana bilməyəcək” – ekspert

“Əgər ev sənədsizdirsə, sığortalana bilməyəcək” – ekspertbackend

Əmlak sığortasının 6 ay ertələnməsi təklif edilir; Vahid Əhmədov: “Prezident göstəriş vermişdi ki, yanvara qədər bütün sənədsiz evlərin çıxarış məsələsi həll olunsun, təəssüf ki…”

Gələn ilin yanvarından etibarən Azərbaycanda daşınmaz əmlakın icbari sığortasına dair qanunvericiliyin tətbiqi sahəsində ciddi addımlar atılacaq.

Lakin ölkə miqyasında vətəndaşların daşınmaz əmlakının əksəriyyəti sığortalanmayıb. Ya onların sığortadan xəbərləri yoxdur, ya da normal nəzarət olmadığından əksəriyyət sığortadan yayınır.

Digər tərəfdən, daşınmaz əmlakın sığortasını çətinləşdirən bir sıra texniki problemlər də var.

Əvvəla, Bakı şəhəri və Abşeron yarımadasında yarım milyona qədər sənədsiz ev var. Bu evlərin sahibləri istəsələr belə, əmlaklarını sığorta etdirə bilməzlər.

Mülkiyyət sənədi olmadan bu, mümkün deyil. İkinci məsələ budur ki, Bakının əksər yerlərində binalar var ki, Nazirlər Kabinetinin qərarı ilə onlar sökülməlidir.

Qanun isə deyir ki, plana düşən – sökülməsi nəzərdə tutulan əmlak sığortalana bilməz. Üçüncü məsələ, qəzalı binalardakı mənzilləri də sığortalamaq qadağandır.

Nəhayət, ən mühüm problem budur ki, Daşınmaz Əmlak Komitəsinin bazası ilə İcbari Sığorta Bürosunun məlumat bazası inteqrə olunmayıb.

Vahid Əhmədov ile ilgili görsel sonucu

Milli Məclisin V çağırış üzrə deputatı Vahid Əhmədov “Yeni Müsavat”a bildirdi ki, əmlak sığortasının tətbiqi çıxarışı olan mənzillərə şamil ediləcək.

Onun sözlərinə görə, 2011-ci ildən qüvvəyə minən “İcbari sığortalar haqqında” Qanunun icrasına indi başlanır: “Əgər ev sənədsizdirsə, sığortalana bilməyəcək. Prezident göstəriş vermişdi ki, yanvara qədər bütün sənədsiz evlərin çıxarış məsələsi həll olunsun. Ancaq təəssüflər olsun ki, müvafiq qurumlar bunu başa çatdırmadı.

Mən bu işin yubadılmasını başa düşə bilmirəm, çünki prezidentin qərarı var. Bu, çox ciddi məsələdir.

Sənədsiz evin heç bir fəaliyyəti olmur və bələdiyyə sənədi ilə hər hansı addım ata bilmir. Ona görə evlərin sənədləşdirilməsi tezləşdirilməlidir”.

İqtisadçı-ekspert Natiq Cəfərli ile ilgili görsel sonucu

İqtisadçı-ekspert Natiq Cəfərlinin “Yeni Müsavat”a bildirdiyinə görə, əsas problem sənədsiz evlərlə bağlı olacaq.

Ekspert qeyd etdi ki, istər həyət evləri olsun, istərsə yeni tikililərdəki mənzillərdə sığortanın tətbiqində əngəllər meydana çıxacaq. N.Cəfərli bildirdi ki, əmlakın çıxarışı yoxdursa, qanun mülkü sığortalamağa icazə vermir.

“Ona görə də prosesin əvvəlindən gərək siyasi qərar veriləydi, sonra sığortaya başlanardı. Söhbət amnistiyadan gedir. Sənədsiz evlər problemi həll olunmalıydı. Bir çox ölkələrdə belə problem olub.

Amma vətəndaş daimi orada yaşayırsa, kommunal ödənişlər edirsə, çıxarış almaq hüququ qazanır. O baxımdan Azərbaycanda aministiya olmalıdır”, – deyə iqtisadçı təklif etdi.

Onun sözlərinə görə, sənədsiz ev problemi vətəndaşın günahı deyil: “Buna zamanında şərait yaradan müvafiq orqanlar göz yumubsa, rüşvətə görə qarşısını almayıbsa onun günahıdır. Odur ki, əmlak sığortasının tətbiqinin 6 ay ertələnməsi lazımdır.

Bu müddətdə vətəndaşlara şərait yaradılmalıdır ki, əmlaklarını sənədləşdirsinlər, sığorta hüququndan istifadə edə bilsinlər. İndiki halda isə yarım milyona yaxın sənədsiz əmlak sığortalana bilməyəcək”.

Qeyd edək ki, Bakıda mənzilin birinin sığortalanması illik 50 manatdır, böyük şəhərlərdə illik 40 manat, rayonlarda isə illik 30 manatdır.

Bakıda 50 manatın müqabilində maksimum 25 min manatlıq sığorta ödənişi ola bilər. Böyük şəhərlərdə 40 manatın müqabilində maksimum 20 min manat, rayonlarda isə 30 manatın müqabilində maksimum 15 min manat sığorta ödənişi ola bilər.

Məsələn, Bakıda ev 50 manata 1 il müddətində sığortalanıbsa, hadisə baş versə, evin sahibinə maksimum 25 min manatadək ödəniş ola bilər.

“İcbari sığortalar haqqında” Qanuna görə, daşınmaz əmlakın sığortalanması məcburidir və bura obyektlər, inzibati binalar, yaşayış sahələri aiddir.

Obyektlərə və inzibati binalara Fövqəladə Hallar Nazirliyi nəzarət edir və onlar sığortalanır. Əslində mənzillərin və evlərin sığortası məcburidir, sığortalanma olmayanda evlərin sahibləri cərimə edilməlidir.

Bu məsələ “İcbari sığortalar haqqında” Qanunda çoxdan nəzərdə tutulub, amma bunun üzərinə o qədər də ciddi gedilmirdi.

Çünki nəzarət mexanizmi tam formalaşmamışdı və bu, mümkün deyildi. Yalnız bir halda – notariusdan keçəndə evləri sığortalamağa məcbur edirlər.

Notarius vasitəsilə evlər alınıb-satılanda, girov qoyulanda və yaxud digər formada əməliyyat aparılanda evlərin məcburi şəkildə sığortalanması tələb edilir və onda evlər sığortalanır.

Yanğın; elektrik naqillərində baş verən qısa qapanma; su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; təbii fəlakətlər və s. Məsələn, qonşu mənzildən su axıb sizin mənzilinizin təmiri korlanıbsa, sığorta şirkəti bunu təmir edir.

Əgər mənzilin sığortası yoxdursa, avtomatik olaraq həmin şəxsin mailinə və yaxud telefonuna mesaj göndəriləcək.

Bu sistemin qurulması prosesi ilin sonunadək başa çatacaq və 2020-ci il yanvar ayının 1-dən etibarən evlərin məcburi sığortalanması ciddi nəzarətə götürüləcək.

İcbari Sığorta Bürosunun direktoru Rəşad Əhmədov demişdi ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə inteqrasiya baş tutduqdan sonra hər bir əmlakın çıxarışında qeyd edilən unikal nömrə istifadə edilərək dəqiq məlumatlara çatmaq mümkün olacaq və elektron qaydada sığorta şəhadətnaməsi hazırlanaraq şəxsin elektron şəxsi kabinetinə göndəriləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90