Mayın 29-da elm və təhsil nazirinin müavini Firudin Qurbanov Göygöl rayonuna səfəri çərçivəsində bir sıra görüş, təhsil müəssisələrinə baxış və vətəndaş qəbulu keçirib.
Busaat.az APA.az-a istinadən xəbər verir ki, ilk olaraq Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevlə birgə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Sonra nazir müavini Göygöl rayon Üçtəpə kənd Ə. Məmmədov adına tam orta məktəbin pedaqoji kollektivi və şagirdləri ilə görüşüb. Məktəbdə mövcud şəraitlə tanış olan nazir müavini tədris prosesini izləyib, şagird və müəllimlərlə səmimi söhbət aparıb.
Daha sonra Firudin Qurbanov Göygöl şəhər 4 nömrəli körpələr evi – uşaq bağçasında olub. Burada müəssisənin fəaliyyəti və mövcud şəraiti ilə yaxından tanış olub.
Nazir müavini həmçinin regionda fəaliyyət göstərən təhsil müəssisələrində çalışan gənc müəllimlər ilə görüş keçirərək tədrisin keyfiyyəti ilə bağlı müzakirələr aparıb. Firudin Qurbanov qarşıda duran hədəf və istiqamətlər barədə danışıb, təhsil işçilərinin təklif və fikirlərini dinləyib.
Səfər çərçivəsində Firudin Qurbanov vətəndaş qəbulu da keçirib. Müraciətlər əsasən işlə təmin olunma və digər məsələləri əhatə edib. Nazir müavini vətəndaşlar tərəfindən edilən hər bir müraciətin operativ olaraq araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.