Jalə Əhmədova: “Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkəmizin başının üstünü bürümüş qara buludlar dağıldı”

image-jale-ehmedovabackend

1993-cü il oktyabrın 3-də xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər Heydər Əliyev ölkəmizi böyük bəlaların, faciələrin Astanasından xilas etdi, onu sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı.

Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. İlk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparıldı, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, bir neçə dövlət çevrilişinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi.

Ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanan 1991-1993-cü illərdə dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinin nəticəsi idi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Heydər Əliyevə müraciət etmək məcburiyyətində qaldı.

Doğma xalqının çətin günlərində onu darda qoymayan Ümummilli Lider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəldi. Çünki Ulu Öndər Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşır, tarixi şəraitdən düzgün baş çıxarır, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etdi.

Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqinin əldə olunması kimi taleyüklü məsələlərdə uğurla illərin sınağından çıxdı.

Müəllifi Heydər Əliyev olan Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi.

Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirdi. Dahi siyasətçi dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edərək onların Azərbaycan reallıqlarına uğurla adaptasiyasına nail oldu. Qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modeli qurularaq tətbiq edildi.

Heydər Əliyev ən çətin anlarda belə, yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi. Milli iqtisadiyyatımızın “Əsrin müqaviləsi” zirvəsi isə Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi.

Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarını  təmin etdi. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi müəyyən etdi.

Ulu Öndərin təşəbbüsü ilə məhkəmə islahatları həyata keçirildi, Konstitusiya Məhkəməsi, Ombudsman təsisatı və digər mühüm təsisatlar yaradıldı, ölüm hökmü ləğv edildi və onlarla digər islahat xarakterli demokratik tədbirlər həyata keçirildi.

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirən məhz Ulu Öndər oldu. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi xarici siyasətimizin əsas prioritetinə çevrildi. Ulu Öndər Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq, Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbuluna nail oldu.

Bu gün əminliklə demək olar ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyaları ilə yetişmiş Azərbaycan gəncliyi üzərinə düşən tarixi missiyanın öhdəsindən Vətən müharibəsində ləyaqətlə gəldi. Məhz əksəriyyəti gənclərdən ibarət olan Rəşadətli Ordumuz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixi Azərbaycan torpaqlarını düşmən işğalından azad etdi, suverenliyimiz bərqərar olundu. Bu gün üçrəngli Azərbaycan bayrağı Vətən göylərində qürurla dalğalanır. Şübhəsiz ki, bütün bu uğurlarımızın əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdu”.

Milli Məclisin deputatı Jalə Əhmədova

 

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90