“Ölkələrimizin müstəqilliyi uğrunda canlarından keçmiş atalarımızı dərin hörmət və ehtiramla anırıq” – Hüseyn Altınalan

image-234569_1tkfk98807backend

“1918-ci il Türk millətinin tarixinin qanlı səhifələrindən biridir. Bu il Azərbaycanda və Anadoluda çox sayda Türk və müsəlman qətlə yetirilib. 31 Martda erməni və bolşevik dəstələri tərəfindən həyata keçirilən etnik soyqırımı zamanı minlərlə azərbaycanlı; yaşlı, qadın və ya uşaq olmasından asılı olmayaraq vəhşicəsinə öldürüldü, bütün əmlakları, evləri talan edildi, məscidlər və məktəblər yandırıldı. Ölkənin müxtəlif bölgələrində yüzlərlə kənd tamamilə dağıdıldı”.

Busaat.az xəbər verir ki, bu sözləri açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan deyib.

Altınalan bildirib ki, bu qırğınlar təkcə Bakıda deyil, Şamaxı, Quba, Qarabağ və Naxçıvan kimi bir çox şəhər və bölgələrdə həyata keçirilib: “Mart ayında başlayan bu qırğınlar Osmanlı Dövlətinin Müharibə naziri Ənvər Paşa tərəfindən qurulan Qafqaz İslam Ordusunun Azərbaycana gələrək ölkəni erməni quldur dəstələrindən təmizləməsi ilə sona çatıb. Bu vaxt Qafqaz İslam Ordusu çox sayda şəhid verib”.

H. Altınalan vurğulayıb ki, 20 Yanvar qırğını ilə Xocalı və 31 Mart soyqırımları bir ölkənin müstəqilliyinin asanlıqla qazanılmadığını, bunun üçün minlərlə insanın qurban verildiyinin göstərir: “Buna görə müstəqilliyin çox qiymətli olduğunu qətiliklə unutmamalıyıq. Bu münasibətlə Azərbaycan türklərinə qarşı şüurlu şəkildə törədilən etnik soyqırımında həyatını itirənlərə Allahdan rəhmət diləyirik və ölkələrimizin müstəqilliyi uğrunda canlarından keçmiş atalarımızı dərin hörmət və ehtiramla anırıq”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90