Pentaqondan mülki əhaliyə hücum edən Ermənistana ETİRAZbackend

“Ermənistana hərbi dəstəyimizi münaqişə ilə bağlı olmayacaq formada formalaşdırmışıq”.

Busaat.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) məlumatında bildirilib.

“Anadolu” agentliyinə açıqlama verən Pentaqon sözçüsü Tomas Kampbell bildirib ki, vəziyyət olduqca dəyişkəndir və nazirlik hadisələri yaxından izləyir: “Şiddəti qınayır və dünyasını dəyişənlərin, yaralananların ailələrinə başsağlığı diləyirik”.

Kampbell tərəfləri danışıqların bərpasına dəvət edib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri 27 sentyabrda atəşkəs rejimini pozaraq təmas xəttinin cəbhəboyu istiqamətlərində Azərbaycanın mülki yaşayış obyektləri və dinc əhalisini ağır artilleriya ilə atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri düşmənə cavab zərbələri endirmək üçün əks-hücum əməliyyatlarına başlayıb. Əməliyyatlar çərçivəsində erməni işğalında olan 7 kənd və 2 strateji silsilə azad edilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib ki, düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 55 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, 19 nəfər isə həlak olub.