Yaş ötdükcə insanlarda rast gəlinən demensiyanın inkişaf riskini azaltmaq üçün altı qayda müəyyən edilib.
Çin alimlərinin on ildə apardığı araşdırmada yaşı 60-dan yuxarı olan 29 min insanın iştirak etdiyi, onların hamısının üç qrupa bölündüyü bildirilir. Belə ki, birinci qrupdakı insanlar sağlam həyat tərzinin altı qaydasına əməl ediblər. İkinci qrupun iştirakçıları idmanla fəal məşğul olmalı, üçüncülər isə yalnız düzgün bəslənməyə riayət etməli idi.
Tədqiqatın nəticələri göstərib ki, birinci qrupdan olan insanlarda altı qayda sayəsində demensiyanın inkişaf riski 90 faiz azalıb. Onlar yaxşı yemək yeyiblər, həftədə 150 dəqiqədən çox fiziki fəaliyyətlə məşğul olublar, müntəzəm olaraq ailə ilə ünsiyyətdə olub, tədbirlərdə iştirak edib, oxuyub, yazıb və stolüstü oyunlar oynayıblar. Bundan əlavə, onlar spirtli içki içməyi dayandırıblar və siqareti atıblar.
Əvvəllər yaddaşı yaxşılaşdırmağa və “beyin dumanı” adlanan haldan qaçmağa kömək edən bəzi üsullar müəyyən edilib. Məlum olub ki, bunun üçün pis vərdişlərdən imtina etmək və beyin stimullaşdırılması ilə məşğul olmaq lazımdır.
Məlumat üçün bildirək ki, demensiya unutqanlığın ön planda olduğu bir çox xəstəliyə verilən ümumi bir addır. Xüsusilə yaşlı insanlar arasında tez-tez rast gəlinən demensiya müxtəlif xəstəliklər səbəbindən meydana gələ bilər. Bu vəziyyət özündə yaddaş, düşüncə və sosial bacarıqlara təsir edən bir qrup simptomu birləşdirir. Demensiya tək bir xəstəlik demək deyil. Əksinə, onun bir çox növü vardır. Ən çox rast gəlinən Alzheimer demensiyasıdır, ondan sonra isə damar forması ən çox görülən ikinci növüdür.
Demensiya latın dilində mens –ağıl mənasını verən sözdən götürülüb, ağıl itkisi, ağılsızlıq deməkdir. Bununla birlikdə bu hal, xüsusən Alzheimer demensiyası birdən-birə meydana gəlmir, simptomlar tədricən görünür və inkişaf edir. Bəzi növləri bədəndə bir maddə çatışmazlığı, maddənin və ya dərmanın yan təsiri səbəbindən meydana gəlir. cebhe.info