Quba şəhər bələdiyyəsi barədə ötən sayımızda dərc etdiyimiz yazıda, bələdiyyə sədri Hümayə Məmmədovanın Qubada həyata keçirdiyi torpaq “əməliyyat”ları haqda bəhs etmişdik.
Bəhs etmişdik ki, Quba şəhər bələdiyyəsi tərəfindən qubalılara aid olan torpaq sahələrinin necə talan edildiyini bütün qubalılar bilsin və məlumatlansın. Məlumatlansın ki, nə vaxtsa bələdiyyə sədrinə bir qarış torpaq üçün müraciət edəndə alacaqları “yox” cavabının həqiqətə uyqun olmadığını bilsinlər. Həqiqət isə tamamən başqa bir reallığı özündə əks etdirir. İndi isə biz sizə həndəvərində dolaşdığımız o reallığın bir hissəsini təqdim edəcəyik.
Əziz qubalılar, ilk öncə sizə onu qeyd edək ki, hər dəfə bir qarış torpaq üçün Quba bələdiyyəsinə etdiyiniz müraciət zamanı adınızın torpaq növbəsinə qeyd edildiyi o naməlum qeydiyyat dəftələri bələdiyyə binasının üzü gün işığı görməyən bağlı qapılarının daxilindəki toz basmış siyirtmələrdə itib batmaqdadır.
Elə yardım üçün müraciət edən aztəminatlı qubalıların aqibəti də oxşar durumdadır. Əli milyonlara vərdiş olmuş bələdiyyə sədrinin nəyinə lazımdır axı sizin çarəsiz vəziyyətiniz? Enerjisini və zamanını obyekt tikdirmək, bir az da çox torpaq satıb daha artıq mal-mülk sahibi olmağa sərf edən bir insanın bir məzluma acıyacaq fürsəti olmaz axı…
Quba Şəhər Bələdiyyəsinin sədri Hümayə Məmmədovanın Qubada həyata keçirdiyi torpaq “əməliyyat”larının gizli məqamları barədə demək olar ki, yetəri qədər məlumat və bilgi almışıq. Nəyi hara, kimə və neçəyə satdığı haqda dolğun məlumat sahibiyik. Ona görə də bütün bu informasiyaları silsilə formasında hissə-hissə dərc edəcəyik. Hələlik o siyahının ən yeni tarixindən başlayaq ki, bəlkə aidyyatı qurumlar müdaxilə edib mənimsənilən böyük vəsaitlərin Quba Bələdiyyəsinin və qubalıların sosial ehtiyaclarının qarşılanmasına səfərbər edilməsinə nail olar.
Əslən qubalı olan, hazırda isə Bakı şəhərində zərgərlik fəaliyyəti ilə məşğul olan Tahir İbrahimov.
Bu şəxs 2021-ci ildə Quba şəhəri ərazisindən sahibkarlıq fəaliyyəti üçün ehtiyacı olan torpaq sahəsinin alınması məqsədi ilə Quba Şəhər Bələdiyyəsinin sədri Hümayə Məmmədovaya (Quba rayonunun Qəçrəş kəndi ərazisində, ona məxsuz olan restoranda) 500 min manat vəsait verib.(Bu haqda daha sonra geniş məlumat verəcəyik)xanım sədr Tahir İbrahimova söz verdiyi torpaq ərazisinin razılaşdırılması və sənədləşdirilməsi üçün çalışsa da, buna müəssər ola bilməyib. Yaranan narazılıqdan sonra sədr, Tahir İbrahimova həmin pulun (500 000 AZN) qarşılığında qeyd edilən torpaq sahəsinin əvəzinə,bələdiyyə ərazisinin başqa sahələrindən bir neçə torpaq ərazisi verməyi təklif edib. Bələdiyyə sədri ilə Tahir İbrahimov arasında əldə edilən bu razılaşmadan sonra sədr əlini-qolunu çırmalayıb başlayıb onun üçün torpaq axtarmağa. Təqdim etdiyimiz fotodakı ərazi Hümayə Həmmədovanın Tahir İbrahimova verdiyi torpaq sahələrindən biridir. Qeyd edək ki, həmin ərazi rayonun Quba-Nüqədi yolunun 1-ci km də, yolun sağ tərəfindən yerləşir.
Növbəti yazımızda digər torpaq sahələri, onları kimlərin adlarına sənədləşdirildiyi haqda ətraflı bəhs edəcəyik. Həm də eyni zamanda yazıda adı hallanan Tahir İbrahimovun törətdiyi cinayət hadisəsi barədə də ətraflı məlumat verəcəyik.
Ardı var…