– Tural bəy, musiqi yolunuz çox erkən yaşlardan başlayıb. Bu yolun ilk addımları necə atıldı?
– Musiqi həyatım uşaqlıq illərimə dayanır. İlk nailiyyətim 1992–1993-cü illərdə “Cücələrim” ansamblında fəaliyyətimlə başlayıb. Həmin illər musiqiyə olan sevgimin formalaşdığı, səhnə ilə ilk tanışlığımın baş verdiyi dövr idi.
– Daha sonra hansı layihələrdə iştirak etmisiniz?
– “7–17” və “Ümid” (1996–1997) layihələrinin iştirakçısı olmuşam. Bu layihələr mənim üçün həm təcrübə, həm də səhnə mədəniyyətinin formalaşması baxımından çox önəmli idi.
– Peşəkar musiqi təhsiliniz barədə nə deyə bilərsiniz?
– Bülbül adına Musiqi Məktəbini bitirmişəm. Bundan əlavə, Respublikamızın xalq artisti,Azərbaycan musiqisinin mərhum,korifey sənətkarları Əlibaba Məmmədovun tələbəsi olmuşam. Onun məktəbi mənim musiqi düşüncəmin formalaşmasında böyük rol oynayıb.
– Uzun illər aktiv səhnə fəaliyyətiniz olub…
– Bəli, 2017-ci ilə qədər musiqi fəaliyyətimi davam etdirmişəm. Bu illər ərzində Azərbaycanın ən seçilən məkanlarında səhnə almışam, tamaşaçı ilə canlı təmasda olmuşam.
– 2017-ci ildən sonra musiqidə fasilə verdiniz. Bunun səbəbi nə idi?
– Həmin dövrdə məşğul olduğum bizneslə əlaqədar qardaş ölkə Türkiyəyə köçmək qərarı aldım. Təxminən 7–8 il Türkiyədə yaşadım. Amma musiqiyə olan sevgi və bağlılıq məni heç vaxt tərk etmədi.
– Səhnəyə qayıtmaq qərarı necə yarandı?
– Uzun illər kənardan bir tamaşaçı kimi izlədim. Musiqi anlayışı olmayan insanların səhnəni və bəzi efirləri zəbt etdiyini gördüm. Bu mənə çox təsir etdi. O an anladım ki, səhnəyə qayıtmalıyam və Azərbaycan musiqisini layiqincə təmsil etməliyəm. Bu, artıq bir istək yox, məsuliyyət idi.
– İlk təqdim etdiyiniz iş “Yanımda Qal” oldu. Bu layihə haqqında nə deyə bilərsiniz?
– “Yanımda Qal” mənim səhnəyə dönüşümün ilk addımıdır. Musiqinin bəstəkarı Fərid Kərimli, sözləri isə Tural Xaniyə məxsusdur. Mahnı və klip artıq sosial şəbəkələrdə yayımlanıb və çox gözəl reaksiyalar alır.
– Gələcək planlarınız nələrdir?
– Yeni layihələr üzərində çalışırıq. Məqsədim keyfiyyətli, dəyərli musiqi ilə tamaşaçıların zövqünü oxşamaq və Azərbaycan musiqisini düzgün şəkildə təqdim etməkdir. Bu yolda davamlı olacağam.









