Türk lirəsinin yenidən ucuzlaşması Türkiyənin İstanbul Konvensiyasından çıxması ilə bağlıdır?-ŞƏRH

image-istanbul-konvensiyasbackend

Məlum olduğu kimi, Türkiyənin İstanbul Konvensiyasından ayrılması ölkədəki bəzi qruplar tərəfindən etirazla qarşılanıb, bəzi xarici dövlətlər də Türkiyəyə qarşı müxtəlif iddialar səsləndirib. Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi isə sözügedən məsələ ilə bağlı açıqlama yayıb.

Açıqlamada Türkiyənin İstanbul Konvensiyasından ayrılmasına səbəb kimi homoseksuallığı təbliğ edən qrupların Konvensiyanı manipulyasiya etməsi göstərilib. Həmçinin qeyd edilib ki, Konvensiyadan ayrılma Türkiyənin qadına qarşı şiddətlə mübarizəsini yavaşlatmayacaq və ailədaxili şiddətlə mübarizədən əsla geri addım atmayacaq: “Bildiyimiz kimi, Türkiyə qadının cəmiyyətdəki statusunu qoruma və qadına qarşı şiddətlə mübarizə məsələsinə güclü bağlılığını göstərərək İstanbul Konvensiyasını ilk imzalayan ölkələrdən olmuşdu. Qadın haqlarının gücləndirilməsi məqsədi daşıyan İstanbul Konvensiyası Türkiyənin ictimai və ailə dəyərləri ilə üst-üstə düşməyən homoseksuallığı normallaşdırmağa çalışan bir qrup tərəfindən manipulyasiya edilmişdir. Türkiyənin konvensiyadan ayrılma qərarı almasının səbəbi də bu manipulyasiyalardan qaynaqlanır”.

 

“İstanbul Konvensiyasi ilə bağlı ciddi narahatlığı olan tək ölkə Türkiyə deyil. Avropa İttifaqının 6 üzvü (Bolqarıstan Macarıstan, Çexiya, Latviya, Litva və Slovakiya) İstanbul Konvensiyasını qəbul etməyib. Polşa da homoseksual qrupların ictimai cinsiyyət haqqındakı fikirlərini bütün cəmiyyətə aşılama cəhdlərini səbəb göstərərək konvensiyadan ayrılmaq üçün addımlar atıb. İstanbul Konvensiyasından ayrılmaq qərarı heç bir şəkildə Türkiyə Cümhuriyyətinin “qadınları qorumaqdan geri addım atdığı” anlamına gəlmir. Türkiyə anlaşmadan çəkilsə də, ailədaxili şiddətlə mübarizədən əsla geri addım atmayacaqdır. Türkiyənin İstanbul Konvensiyasından çəkilməsinin prezident Ərdoğan hökumətinin tərtib etdiyi, dəstəklədiyi və həyata keçirdiyi qanun da daxil olmaqla qadına qarşı şiddətlə mübarizə kartının, təsirli və həqiqi tədbirlərin həyata keçirilməsi üzərində heç bir təsirinin olmayacağı unudulmamalıdır. Türkiyə mart ayının əvvəlində açıqlanan İnsan Hüquqları Fəaliyyət Planı çərçivəsində ailədaxili siddət və qadına qarşı şiddətə qarşı mövcud tədbirlərin təsirini artırmaq üçün əlavə addımlar atacaq”-deyə, açıqlamada bildirilib.

Mövzunu Busaat.az-a şərh edən türkiyəli politoloq Engin Özer bildirib ki, bu konvensiya nəticəsində qadına qarşı şiddət edildiyi halda sanksiyalar tətbiq edilirdi və ona görə də etirazların mərkəzində bir növ bu dayanır: “Ona görə də, bununla bağlı olaraq qadınları qoruma dərnəkləri və bəzi homoseksual dərnəkləri etiraz edirlər. Digər problem isə konvensiyadan məhz Prezidentin qərarı ilə çıxılmasından ibarətdir. Çünki bu, beynəlxalq konvensiyadır və beynəlxalq konvensiyalar Türkiyə Böyük Millət Məclisi (TBMM) tərəfindən təsdiq edilir və yalnız TBMM tərəfindən də ləğv edilə bilər. Ona görə də əsas sual Prezidentin səlahiyyətlərindən kənara çıxması ilə bağlıdır. Etirazlara səbəb olan əsas məsələ də budur”.

“Təbii ki, Türkiyənin bu konvensiyadan çıxması Avropa İttifaqı (Aİ) prizmasından yanaşsaq, Türkiyə üçün təhdiddir və problem yaradacaq. Amma hazırda Türkiəyədə olan əsas problem iqtisadi böhranla bağlıdır. Məlum olduğu kimi, ABŞ dolları Türkiyə lirəsi üzərində yenidən bahalaşdı və hökumətə yaxın olan qaynaqlar bunu sözügedən etirazlarla əlaqələndirirlər. Yəni, türk lirəsinin dollar qarşısında dəyərdən düşməsini, İstanbul Konvensiyasından çıxmaqla əlaqələndirirlər. Halbuki, bununla heç bir əlaqəsi yoxdur. Lakin mövzu hüquqi olduğu üçün bu gün daha çox Türkiyənin beynəlxalq konvensiyalardan çıxıb-çıxa bilməyəcəyi müzakirə edilir”-deyə, türkiyəli analtik vurğulayıb.

image-engin

Əlavə edib ki, əgər Məclisin təsdiq etdiyi beynəlxalq konvensiyadan Prezidentin qərarı ilə çıxmaq mümkündürsə, deməli, Türkiyə bundan sonra istənilən beynəlxalq razılaşmadan Prezidentin qərarı ilə çıxa biləcək: “Bir sözlə, Türkiyədə bu konvensiya ilə etirazların kökündə əsas bu məsələ dayanır. Digər dərnəklərin etirazları isə ikinci plandadır. Yəni, məsələyə həm də hüquqi aspektdən yanaşmaq lazımdır. Dolayısı ilə məsələ bu şəkildə qəbul edilirsə, Türkiyə bundan sonra da digər beynəlxalq razılaşmalardan Prezidentin qərarı ilə çıxa bilərmi, Prezidentin belə bir addım atmağı mümkündürmü, yəni, Prezident öz isətəyi ilə beynəlxalq sazişləri ləğv edə bilərmi kimi, suallar mövcuddur. Çünki bu gün belə bir qərar verilirsə, deməli, bundan sonra da verilə bilər”.

“Bir sözlə, Türkiyənin İstanbul Konvensiyasından çıxması müzakirə edilmədi və Prezident bir qərarla konvensiyadan çıxdığını elan etdi. Yəni, konvensiyadan Prezident çıxıb, TBMM çıxmayıb. Məsələ də müzakirə edilmədiyi üçün etirazlara səbəb olub. Yəni, əsas problem budur”-Özer fikrini yekunlaşdırıb.

Müəllif: Tuncay Türkoğlu

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90