“Üçtərəfli bəyannamə sülh müqaviləsində olmalı olan məsələləri tam əhatə etmir”.
Bunu Rusiyanın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin üçtərəfli bəyannaməyə əsasən imzalanması mesajından danışan politoloq Samir Hümbətov Busaat.az-a açıqlamasında deyib.
O bildirib ki, Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin üçtərəfli bəyannaməyə əsasən imzalanmalı olduğunu bildirmişdi. Azərbaycan isə bu bəyannamədə üzərinə götürdüyü hər bir öhdəliyi icra edir. Lakin həm Rusiya, həm də Ermənistan üzərinə düşəni etmir:
“Üçtərəfli bəyannamə sülh prosesini tam şəkildə tənzimləyə bilməz. Çünki sülh prosesi çox mürəkkəb gedişatdır. Üçtərəfli bəyannamədə göstərilməyən, lakin sülh müqaviləsinə salınmalı olan mühüm məsələlər vardır. Üçtərəfli bəyannamə sülh müqaviləsində olmalı olan məsələləri tam əhatə etmir. Rusiyanın son təxribatlarda əli ola bilər. Vaşinqtonda Ermənistan-Azərabycan XİN rəhbərlərinin dördgünlük görüşündən sonra sülh yolunda müsbət mesajların olması ilə bağlı açıqlamalar vardı. Sülh prosesini pozmaq istəyən qüvvələrin, eləcə də Rusiyanın son təxribatlarda əlinin olduğunu istisna etmək olmaz”.
“Vəziyyət sanılandan daha qarışıq hal alıb. Ermənistan ordusunda kimin kimə xidmət etdiyi bilinmir. Ona görə də tam dəqiq şəkildə kimin nə etmək istədiyini başa düşmək biraz çətindir”, – politoloq əlavə edib.
Ələsgər / Busaat.az