Yay mövsümündə xəstəliklərdən necə qorunmalı?

image-img_0428jpeg-1750274128backend

Mövsüm dəyişməsi zamanı insanlarda müxtəlif xəstəliklərin yaranması ilə tez-tez rastlaşırıq. Hər bir mövsümün özünə xas xəstəlikləri var ki, zaman-zaman baş qaldırır.

Mövsümi xəstəliklərlə bağlı hazırda ölkədə vəziyyət necədir?

Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, havaların istiləşməsi ilə əlaqədar qrip infeksiyasına nadir təsadüf olunur.

“Adətən, yaz-yay aylarında hava-damcı üsulu ilə yoluxan virus infeksiyaları – adenovirus, rinovirus, paraqrip virusu, o cümlədən, enteroviruslara yoluxma hallarına rast gəlinir. Bunların əlamətləri oxşar olduğuna görə bəzən əhali arasında yay qripi kimi tanınır. Xəstələnmə halları qısamüddətli olur və tez sağalır”.

Təyyar Eyvazov qeyd edib ki, hazırda mövsümi infeksiyalara yoluxma hallarına rast gəlinsə də, ciddi artımlar müşahidə olunmur.

Məsələ ilə bağlı Trend-ə danışan infeksion xəstəlikləri və klinik mikrobiologiya uzmanı Vasif Əliyev isə bildirib ki, ümumiyyətlə, mövsümə uyğun olaraq müəyyən xəstəliklər daha çox müşahidə olunur.

“Qış mövsümündə xüsusilə yuxarı tənəffüs yollarının infeksion xəstəlikləri geniş yayılır. Bu da, əsasən, virus infeksiyalarının yaxın təmasda, qapalı məkanlarda insandan insana asanlıqla ötürülməsi ilə bağlıdır. Bu infeksiyalara xüsusilə uşaqlar daha çox yoluxur; uşaq bağçaları, məktəblər kimi kollektiv yerlərdə yayılan infeksiya daha sonra evdə böyüklərə də keçə bilər.

Yay mövsümündə isə, əsasən, mədə-bağırsaq infeksiyaları, qida zəhərlənmələri, ishal, qarın ağrısı kimi xəstəliklər önə çıxır. Bunların yaranma səbəbi, adətən, natəmiz su və ya qida qəbuludur. Çimərliklərdə, ictimai yerlərdə gigiyenaya riayət olunmaması, şəxsi əşyaların paylaşılması kimi hallar da risk yaradır”.

Həkim qeyd edib ki, hər bir xəstəlikdən qorunmaq üçün profilaktik tədbirlər görülməlidir.

“Qış aylarında bronxit, qrip, pnevmoniya kimi respirator xəstəliklərdən qorunmaq üçün sağlam qidalanma, mövsümə uyğun geyinmək, xəstələrlə təmasdan uzaq durmaq və ehtiyac olduqda peyvəndləmə vacibdir.

Yayda isə dənizə girərkən və sonra gigiyenik qaydalara əməl etmək, yaş paltarda qalmamaq, yalnız təmiz, mənşəyi məlum olan su və qidalar qəbul etmək, şəxsi əşyaların paylaşılmaması kimi tədbirlər xəstəliklərin qarşısını almağa kömək edər”, – deyə Vasif Əliyev əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki