6 nəfərdən 62 kq narkotik tapıldı – Video

image-narkotikbackend

Daxili İşlər Nazirliyi Abşeron, Şəmkir və Binəqədi rayonlarında narkotik satan şəxslərə qarşı əməliyyatlar keçirib.

DİN Mətbuat xidmətindən  verilən məlumata görə, dövriyyədən 62 kiloqram narkotik vasitə çıxarılıb və evində silah-sursat, saxta pul gizlədən şəxslər saxlanılıblar.

Şəmkir rayon sakini Mütəllim Xəlilovun üzərindən qurudulmuş marixuana, yaşadığı kəndin dağlıq sahəsindən satmaq məqsədi ilə əkib-becərdiyi 94 ədəd çətənə kolu aşkar edilib.

M.Xəlilovun yaxın əlaqələri də yoxlanılıb və onun tanışları – Gəncə şəhər sakini Yusif Orucov və həmyerlisi Əbülfəz İsmayılovun da saxlanılması təmin edilib.

Baxış zamanı Yusif Orucovdan 7 ədəd kibrit qutusunda satmaq məqsədi ilə qablaşdırılan marixuana aşkar edilib. Əbülfəz İsmayılov ətrafında keçirilən əməliyyat tədbiri zamanı isə onun Şəmkir ərazisində meşə zolağında gizlətmək məqsədi ilə torpağa basdırdığı və evində saxladığı 4 ədəd odlu silah, o cümlədən “AKM” və “AKS” markalı avtomatlar, 1 ədəd “TOZ-16” markalı karabin, 1 ədəd “MP-155” markalı ov tüfəngi, həmin silahlara məxsus 2 ədəd sandıqça və 36 ədəd patron aşkar olunaraq götürülüb.

Abşeron rayonu Xırdalan şəhərində Gəncə sakini Novruz Verdiyev narkotik vasitələrin satışında şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən və yaşadığı evdən ümumi çəkisi 32 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 23 kiloqram 435 qram heroin, 6 kiloqram 400 qram tiryək, 2 kiloqrama yaxın metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Novruz Verdiyev ifadəsində şəxsiyyəti hələlik istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşının sifarişi ilə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələri ayrı-ayrı şəxslərə çatdırmaq məqsədi ilə ölkə ərazisinə gətirdiyini bildirib. Bu şəxs narkotik vasitələri paytaxt Bakı və bölgələrdə anket məlumatları istintaqla araşdırılan şəxslərə çatdırmaqla realizə olunmasını təşkil etməli imiş.

Abşeron rayon Masazır qəsəbəsində yaşayan Elmin Quliyev də saxlanılıb. Onun üzərinə baxış zamanı 2 kiloqram 415 qram heroin, 3 kiloqram 145 qram metamfetamin 470 qram tiryək, 3 ədəd elektron tərəzi və 4400 ABŞ dolları məbləğində saxta pul əskinasları aşkar olunaraq götürülüb.

Binəqədi qəsəbəsində yaşayan Hümmət Səlimanovun evinin zirzəmisinə baxış zamanı orada yaratdığı istixanadan xüsusi qulluq edərək yetişdirdiyi ümumilikdə 103 ədəd çətənə bitkisinin kolları və şitilləri, eləcə də 850 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Hümmət Səlimanov ifadəsində narkotik tərkibli bitkiləri bu ilin əvvəlində əkdiyini və onların yetişməsi üçün zirzəmiyə xüsusi olaraq su, istilik və havalandırma sistemi çəkdiyini bildirib.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb və saxlanılan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90