Milli Məclisin deputatı Jalə Əhmədova həmkarı mərhum Qənirə Paşayeva ilə bağlı özünün sosial media hesabında paylaşım edib.
Busaat.az sözügedən yazını təqdim edir:
“Bu amansız ölümü sənə heç yaraşdırmadım Qənirə xanım..! Böyük ümidlə möcüzə gözləyirdik, yenidən səni aramızda görəcəyimizə inanırdıq. Amma çox təəssüf, bu baş vermədi.
Heç inana bilmədim ölüm xəbərinə, çox sarsıldım, çox kədərləndim. Acımasız ölüm səni tək bizdən deyil, minlərlə Qənirəsevərlərdən aldı…
Sənin ölümlə mübarizə apardığın bu günlərdə hər kəs sənə dua edir, sağalacağını gözləyirdi. Mən insanların sənə olan sevgisini hər yerdə gördüm, sosial şəbəkələrdə belə hər kəs sənə dua edir, tezliklə şəfa tapmağını diləyirdilər. Hamı səndən sevgi, hörmətlə danışır, xeyirxah əməllərindən, darda olan insanlardan köməkliyini əsirgəməməyindən bəhs edirdilər. Özü də bu münasibəti yalnız seçicilərinə deyil, sənə üz tutanların hər birinə sərgilədiyini vurğulayırdılar…
Demişdin ki, biz bu dünyadan gedəndə nə aparacağıq?
Əziz bacım, sən bu dünyadan millətinin ən yaxşı vəkili olaraq nüfuz, hörmət, sevgi, xeyirxah, gözəl insan adını qazanaraq getdin… İnsanların sevgisini qazanmaq isə hər kəsə nəsib olmur.
Bu dünyadan Qənirə Paşayeva adlı işıqlı bir İnsan keçib getdi!
Məkanın cənnət olsun, sevimli İnsan! Nur içində yat! Sənin əziz xatirən daim qəlbimizdə yaşayacaq!”