Bakıda “Jeep Wrangler” markalı bahalı avtomobili insanların üzərinə sürərək ictimai asayişi pozmuş vəzifəli şəxs həbs edilib.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu Əhmədli qəsəbəsi Telnov küçəsində baş verib.
Belə ki, 1977-ci il təvəllüdlü 477-478 saylı ATS-in mühəndisi vəzifəsində çalışan Rəşad Yusifov (soyadlar şərtidir) ilə sevgilisi Samirə Babayeva arasında münasibətlər pozulub. Rəşad qadına verdiyi 1800 manat pulu geri tələb edib və onu döyüb.
S.Babayeva polisə şikayətində bildirib ki, Rəşadın onu döyməsi ilə bağlı hazırda Sabunçu Rayon Məhkəməsində araşdırma aparılır: “Mənim Rəşadla 3 il əvvəldən qeyri-rəsmi münasibətimiz olub. Həmçinin ona 1800 manat borcum vardı. Həmin borcdan 800 manat ödəmişəm, qalan hissəni isə hər ay Rəşadın kartına 150 manat göndərəcəyimi bildirmişəm. Rəşadın mənim başıma açmadığı oyun qalmayıb. Ona görə bir neçə dəfə ev dəyişmişəm, dəfələrlə bıçaq tutaraq məni təhdid edib, biaabır edəcəyini bildirir. Hazırda Sabunçu rayon Məhkəməsində də döymə ilə bağlı iş gedir. Sentyabrın 14-də isə Rəşad yenə söyüş söyməyə, nalayiq ifadələr işlətməyə başladı, qorxaraq polisə zəng etdim. Rəşad yaxınlaşmamış uzaq məsafədən nalayiq ifadələr işlədirdi”.
Hadisə vaxtı Rəşad Babayev polislər tərəfindən saxlanılarkən o, idarə etdiyi “Jeep Vrangler” markalı avtomobili polis əməkdaşlarının və ətrafda olan şəxslərin üzərinə sürərək təhlükə yaradıb.
Saxlanılan şəxs Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə, oradan da Xətai rayon Məhkəməsinə aparılıb. Məhkəmənin çıxardığı qərarla mühəndisə 20 sutka inzibati həbs cəzası təyin edilib.