Vaxtilə Qərbi Ukraynanı işğal edən Polşa: Tarix 100 il sonra təkrarlanır
Diqqət ediriksə, Rusiya qoşunları daha çox Ukraynanın şərq hissəsini amansız bombardmana məruz qoyur. Bu baxımdan Xarkov xüsusilə diqqət çəkir, şəhər misli görnməmiş dağıntılara məruz qalıb. Paytaxt Kiyevin vurulması isə fərqli strateji yanaşma tələb edir. Ortada çox ciddi tarixi səbəblər var. 1934-cü ilə qədər Ukraynanın paytaxtı onun şərq hissəsində yerləşən Xarkov şəhəri olub. Ukraynanın qərbi 1919-1921-ci illərdə Polşa tərəfindən işğal edilmişdi və 1939-cu ildə Stalin Şərqi Ukraynanı Polşadan geri aldı. Maraqlıdır, bu gün Polşa daha çox Ukraynanın qərb hissəsində yerləşən əhaliyə qucaq açıb və Polşanın Ukraynaya göndərilən silah-sursat, müxtəlif silahlı birləşmələr də məhz ölkənin qərb hissəsində yerləşdirilir.
Ölkə iki hissəyə parçalanır: Ukraynanın qərb hissəsində ABŞ-ın hərbi sənayei komplekslərinin sahibləri və NATO möhkəmlənir, şərq hissəsində isə Rusiya… Nəzərə almaq lazımdır ki, 2014-cü ildə Donbass müharibəsi də Ukraynanın şərq hissəsində gedirdi, Donetsk də məhz ölkənin şərqində yerləşir. Digər tərəfdən, Putin müstəqilliklərini yeni tanıdığı Donetsk və Luqansk separatçıları ilə bağladığı dostluq müqavilələrində onların sərhədlərini qorumağı öz üzərinə öhdəlik kimi götürüb. Putin birinci mərhələdə Ukraynanın şərq hissəsini tamamilə nəzarətə götürməyi hədəfləyib. Zelenskinin Qərbdən aldığı dəstək isə ölkənin şərq hissəsində NATO-nun möhkəmlənməsini təmin edir.
SSRİ zamanı Ukraynanın qərb hissəsində yaşayan əhali kommunizmə barışmaz mövqeyi ilə seçilirdi, ölkənin şərq hissəsində yaşayan əhali isə ən azı kommunizmə aqressiv münasibət göstərmirdi. 2014-cü ildə Krımın Rusiya tərəfində anneksiya olunması (bir dövlətə məxsus ərazinin başqa bir dövlətə qeyri-qanuni yolla birləşdirilməsi) əslində Ukraynanın yaxın gələcəkdə iki hissəyə bölüşdürüləcəyi ilə bağlı Qərb-Rusiya hazırlıqlarının yeni və praktiki mərhələyə qədəm qoyması demək idi. Maraqlıdır, Rusiya Kiyevi hədəf alır, amma paytaxtı ələ keçirməyə ciddi səy göstərmir.
Ukraynanın dənizə çıxışı bağlandı
Ukrayna cənubdan Qara dənizə çıxışı olan dövlətdir. Hələ fevral ayında (13-19 tarixi) Rusiyanın təlim adı altında Qara dəniz və Azov dənizinin bir hissəsini bağlaması gözlənilən hadisələrlə bağlı verdiyimiz proqnozları doğrultdu. Bu hal Rusiyanın Ukraynaya hücum edəcəyini və nəticədə Ukraynanın dənizə çıxışını bloklamağa hazırlaşdığını göstərirdi. Belə də oldu. Ukrayna tərəfinin Türkiyədən Qara dəniz boğazlarını Rusiya üçün bağlamağı xahiş edəcəyini bidirməsi də təsadüfi deyildi. Ancaq məsələ təkcə bununla bitmir. Ukraynanın Qara dənizə bloklanan yolları bu ölkənin gəmilərinin Kerç körfəzinə çıxışını da avtomatik bloklamış olur. Rusiya hərbi gəmilərinin və müdafiə qüvvələrinin müştərək şəkildə Qara dənizdə cəmlənməsi Ukrayanın dənizə çıxışının bloklanması demək idi. Rusiya hesab edir ki, Qara dənizdə həyata keçirdiyi təlimlər ABŞ-ın, NATO-nun və Qərbə meyllənən ölkələrin hərəkətlərinə adekvat münasibətdir. Moskva NATO-nun Qara dəniz regiondakı əməliyyat fəallığını qəbul etmir.
Ukraynanın çoğrafi xəritəsinə baxış zəruri hala çevrilir. Ukraynanın şimal qonşusu Belarus mövqeyini seçib və Ukraynaya qarşı hərbi əməliyyatlarda bu və digər formada Rusiyanın yanında iştirak edir. Şərqdə Rusiya ilə həmsərhəddir. Cənubdan Qara dənizə çıxışı var, amma bu da bloklanır. Qərbdən Polşa, Moldova, Macarıstan və Slovakiya ilə həmsərhəd olan Ukraynanın siyasi coğrafiyasına baxış Denestryanı münaqişəni də ön plana çıxarır. Sanki Ukrayna tamamilə bloklanıb. Ölkənin qərb hissəsi yeganə nəfəslik kimi hələki öz sərbəst fəaliyyətini tənzimləyə bilir.
Rusiya-Ukrayna və SSRİ-Əfqanıstan müharibələrinin Moskva üçün oxşar fəsadları
– SSRİ Əfqanıstanla müharibə zamanı 14500 hərbçisini itirmişdi. Hazırda Rusiya-Ukrayna müharibəsi zamanı 5 mindən artıq rus hərbçisi həlak olub. Müharibəsi isə davam edir. SSRİ öz qoşunlarını Əfqanıstan ərazisindən hissə-hissə çıxarsa da, bölgədə sabitlik bərpa olunmurdu. SSRİ-nin Əfqanıstandakı qoşunlara xərclədəyi milyardlar onun hərbi sənayesini reanimasyon duruma salmışdı.
– SSRİ-nin Əfqanıstana hücumundan 12 il sonra, SSRİ qoşunlarının Əfqanıstandan tam şəkildə çıxarılmasından isə cəmi 2 il sonra Sovet İttifaqı süquta uğradı. Bu müharibə SSRİ-nin dağılmasını tarixi zərurətə çevirən ən əsas faktor oldu.
– Əfqanıstan müharibəsi zamanı dünya ictimaiyyəti SSRİ-nin işğalçı olduğuna inanırdı, Ukraynaya hücum edən Rusiya haqqında dünya ictimaiyyəti bu gün də eyni fikirdədir.
– Əfqanıstan təkcə SSRİ-nin işğalını yaşamadı, işğaldan sonra o torpaqlarda heç vaxt sabitlik əldə etmək olmadı. Rusların işğalına məruz qalan Əfqanıstan ardınca Qərbin müxtəlif spektrli işğalına da məruz qaldı. Elmin, mədəniyyətin yüksək dərəcədə inkişa etdiyi ölkə son 30 ildə terrorçular üçün poliqona, narkotacirlər üçün “əkin-biçin” məkanına çevrilib. Hazırda dünya narkotik istehsalının təxminən 83%-i məhz Əfqanıstanın payına düşür. Müharibə zamanı 5 milyon 100 min əfqan müxtəlif dünya ölkələrinə köç etmişdi. Milli qüvvələr vəziyyətin çıxılmazlığını dərk etdiyinə görə, bir daha Əfqanıstana qayıtmadılar. Düşünən əfqan aydınları öz biliklərini Əfqanıstanın yox, Qərb ölkələrində, İranda, Pakistanda elmin, texnologiyanın inkişafına sərf etmək məcburiyyətində qaldılar. Böyük qaçqın düşərgələri bütün dünya üçün ən həssas məsələyə çevrildi.
– Əfqanıstan Demokratik Respublikası yaranandan bir müddət sonra 5 dekabr 1978-ci ildə SSRİ və Əfqanıstan arasında dostluq müqaviləsi imzalanmışdı. Amma cəmi 1 il sonra, dekabrın 24-də Sovet qoşunları Əfqanıstana hücum etdi. Məhz bundan sonra bütün dünya ölkələri SSRİ-yə qarşı praktiki addımlara başladı. 2010-cu il aprelin 21-də Ukraynanın keçmiş prezidenti V.Yanukoviçlə Rusiyanın sabiq prezidenti D.Medvediyev arasında saziş imzalanıb. Sazişə əsasən, Rusiya Hərbi Dəniz Qüvvələri Ukraynanın Qara dənizdə yerləşən bazalarında 25 il müddətinə fəaliyyət göstərməli idi. Bunun qarşılığında isə Rusiya Ukraynaya verilən təbii qazın satışında güzəşt etmişdi. Bu sazişi iki ölkə arasında “dostluq münasibətlərinin” qurulmasında mühüm addım adlandırırdılar. 2014-cü ildə (Krım faktoru) Rusiya sazişinin birtərəfli qaydada ləğv etdi.
Heç şübhəsiz, bu gün Rusiyanın Ukraynaya hücumu necə Putinin kobud səhvi kimi dəyərləndirilirsə, Əfqanıstana hücum da Brejnevin SSRİ-nin süqutuna aparan çox ciddi səhvi kimi dəyərləndirilirdi.
Əfqanıstan müharibəsi zamanı da ABŞ, NATO SSRİ-yə sərt tədbirlər planını (sanksiyalar) işə salmışdı.
Məsələn;
– Moskvada keçirilməli olan (1980-ci il) dünya olimpiadası boykot edildi (idmandan təcrid)
– Amerika taxılının SSRİ-yə satılması qadağan edildi (iqtisadi blokada)
– Əfqan mücahidləri Qərb ölkələri, xüsusilə ABŞ tərəfindən silah-sursatla təmin edildi, əfqanlar müdafiə planları ilə
– Silajların məhdudlaşdırılması ilə bağlı SSRİ-ABŞ sazişinin Senatda ratifikasiyası dayandırıldı (SSRİ hərbi sənayesi bundan sonra bütün hərbi resurslarını açığa çıxarmış oldu, hərbi sənaye tormozlandı)
– ABŞ konqresi ilkin mərhələdə Əfqanıstana 15 milyon dollar yardım ayırdı. Qeyri-rəsmi şəkildə Əfqanıstana daşınan pullar on milyardlarla ölçülür.
İndi kriptovalyuta, yüksək texnologiyalar dövrüdür. Hazırda Rusiyaya tətbiq edilən sanksiyaların hansı fəsadlarla nəticələnəcəyini zaman göstərəcək. Amma Putin müharibəyə başlacayacağı təqdirdə Rusiyaya tətbiq ediləcək sanksiyaların miqyasını, təsir dairəsini də hesablamamış deyildi.
Hazırda dünya birliklərinin Rusiya qoşunlarının Ukraynadan çıxarılması istiqamətində çağırışları da fayda vermir. Necə ki BMT-nin Baş Məclisi SSRİ silahlı qüvvələrinin tezliklə Əfqanıstandan çıxarılmasını tələb edən qətnamə qəbul etsə də, nəticəsi olmamışdı.
Müəllif: Samir Feyruzov