Ukraynalı pop-ulduz, aktrisa, teleaparıcı və “VİA Qra” pop-qrupunun keçmiş iştirakçısı Vera Brejneva Kiyevdə davam edən hərbi əməliyyatlarla bağlı instaqram səhifəsində yeni paylaşım edib.
Busaat.az xəbər verir ki, ifaçı paylaşımında qeyd edir ki, heç vaxt Rusiya və Ukrayna xalqlarını ayırmayıb: “Nə minlərlə insana və uşağa kömək edəndə, nə də öz mahnılarımı oxuyanda, qucaqlayanda və sevindirəndə”.
V. Brejneva yazır ki, onun anası və nənəsi rus, atası və babası isə ukraindir: “Hər iki xalq – mənim əcdadlarım və mənim qanımdır. Mən Ukraynada doğulmuşam və yaşayıram. Və indi bizim dərdimiz var. Mənim izləyicilərimin 32%-i rusiyalıdır. Sadəcə istəyirəm ki, hər kəs həqiqəti bilsin. Və əgər əlinizdən nəsə etmək gəlirsə, bunu edin. Biz bunun baş verəcəyinə sonadək inanmırdıq. Amma artıq beşinci gündür müharibə gedir. Getdikcə daha çox dinc sakin ölür. Çox sayda ev, məktəb, bağça dağıdılıb. Şəhərlərin həyat fəaliyyətini təmin etmək üçün mühüm binalar dağıdılıb”.
Müğənni qeyd edir ki, o, uşaqları ilə hazırda təhlükəsiz yerdədir: “Amma mənim həyat yoldaşım və anam, kiçik bacımın ailəsi Kiyevdə zirzəmilərdə bombardmanlardan gizlənir. Çünki hərbi əməliyyatlar Kiyev, Jitomir, Xarkov, Berdyansk, Melitopol, Xerson, Çerniqov, Odessa, Kaxovka və digər şəhərlərdə, kəndlərdə gedir. Və bütün ukraynalılar rusiyalı əsgərlərdən gəlməmələrini xahiş edir. Öldürməyin. Bu müharibənin mənası yoxdur. Onun heç bir bəhanəsi yoxdur. Onu davam etdirmək olmaz. Müharibəni dayandırın!”