“Aksiyalara görə birbaşa silah daşıya bilməyən ermənilər alternativ yollara əl atıb. Alternativ yol isə Xankəndi-Xəlfəli-Turşsu yoludur”.
Bunu ermənilərin təxribata əl atması fonunda yaranan münaqişənin Ermənistan üçün nələri ehtiva etdiyindən danışan hərbi ekspert Elxan Şıxəliyev Busaat.az-a açıqlamasında deyib.
O bildirib ki, ötən gün baş verən hadisə bölgədə uzun müddətdir yaranmış vəziyyətin nəticəsidir:
“Azərbaycanlı eko-fəalların 84 gündür davam edən aksiyasına baxmayaraq, hələ də ermənilər monitorinq qrupumuzun mədənlərə getməsinə şərait yaratmır. Həmin aksiyalara görə birbaşa silah daşıya bilməyən ermənilər alternativ yollara əl atıb. Alternativ yol isə Xankəndi-Xəlfəli-Turşsu yoludur. Bu yolları özləri üçün təminat yolu kimi istifadə edirlər. Azərbaycanın istəyi inteqrasiyanın başlanması, qanunsuz hərbi birləşmələrə silah-sursat təminatının dayandırılıb bölgədən uzaqlaşdırılmasıdır. Rus sülhməramlıları Rusiyanın maraqlarına zidd hərəkət edərək inteqrasiya prosesinin qarşısını alır. Bunu gerçəkləşdirmək üçün daimi konflikt formalaşdırıblar”.
“Ermənistanın niyyəti ölkəyə gətirdikləri Avropa missiyasının yeni qrupunu Qarabağa gətirmək və məsələni beynəlxalq siyasi institutlar səviyyəsinə çıxarmaqdır. Ermənistan beynəlxalq siyasi institutlar vasitəsilə Qarabağın gələcək statusunu təyin etmək istəyir. Atəşkəsin pozulması halları Ermənistanın Qarabağdakı erməniləri bu yöndə cəsarətləndirməsidir”, – ekspert əlavə edib.
Ələsgər / Busaat.az