Azərbaycanın qlobal tədbirlərə uğurla ev sahibliyi etməsi dövlətimizin beynəlxalq aləmdə gündən-günə yüksələn mövqeyindən xəbər verir. Xüsusilə son illər ölkəmizin regionda aparıcı aktora çevrilməsi beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində aktiv iştirakına gətirib çıxarıb. Dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edir. Qlobal Bakı Forumu artıq Davos Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi müasir dünyamızın aktual problemlərinin müzakirə olunduğu, perspektivli ideyaların yarandığı və təşəbbüslərin irəli sürüldüyü, gələcəyə nəzər salmağa imkan verən beynəlxalq diskussiya platforması statusunu alıb. VI Mədəniyyətlərarası Dialoq Forumunda 100-dən artıq ölkənin nümayəndəsi iştirak edir. Bu, sözün əsl mənasında göstərir ki, Forum çox mühüm beynəlxalq platformadır və burada mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur. Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə “Bakı prosesi” təşəbbüsü irəli sürülüb. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsi heç də təsadüfi deyil. Ölkəmizdə fərqli milli, dini mənsubiyyəti olan icmalar, müxtəlif millətlərin nümayəndələri tarix boyu qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə yaşamışlar və bu gün də yaşayırlar. Azərbaycanda mədəniyyətlərin dialoqu hər hansı süni ideologiyaya söykənmir. “Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada sülh və əməkdaşlığın qorunmasına xidmət edir. Forum beynəlxalq münasibətlər sistemində mədəniyyətlərarası dialoq və multikulturalizm kimi dəyərlərin təbliğində Azərbaycanın əhəmiyyətli rolunu bir daha təsdiqləyir. Forum nüfuzlu beynəlxalq qurumları – UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO-nu tərəfdaş kimi cəlb edən yeganə platformadır. Ölkəmizdə həyata keçirilən ən böyük mədəni layihələrdəndir. Bu möhtəşəm tədbir çərçivəsində reallaşacaq görüşlər və müxtəlif mövzulu seminarlarda dinləniləcək məruzələr yeni ideyaların, fikirlərin ortaya çıxmasına, dövlətlər və xalqlar arasında münasibətlərin daha da yaxşılaşmasına təkan verəcək. Forum çərçivəsində 40-dək sessiya və tədbir keçiriləcək. Forumda 120-dək ölkə rəsmisi, 50-dək beynəlxalq təşkilatın nümayəndəsi, 50-dən çox qeyri-hökumət təşkilatı iştirak edir. Ümumilikdə tədbirə təqribən 800-dən çox xarici nümayəndə qatılıb. Buraya yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament sədrləri, alimlər, səfirlər, tanınmış şəxslər, 30-dan çox nazir səviyyəsində iştirakçı daxildir. Ölkəmizdə ilk dəfədir ki, 25-dən çox beynəlxalq təşkilat rəhbər səviyyəsində eyni tədbirdə iştirak edir və onlar dünyanın ən nüfuzlu beynəlxalq institutlarıdır. Forum çərçivəsində ilk dəfə. Qlobal Bakı Forumunda hər il dünyada aktual olan mövzular müzakirə olunur. Forum mühüm platforma kimi Azərbaycanın beynəlxalq arenada nüfuzuna müsbət təsir göstərir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xalqlar və mədəniyyətlər arasında əməkdaşlığı və dialoqu stimullaşdırmaq üçün qarşılıqlı anlaşma və dinc yanaşı yaşama dəyərlərini təbliğ etməsi mötəbər qurumlar tərəfindən də təqdir olunur.
Cavad İsmayılzadə Niyaməddin oğlu
Azərbaycan Dövlət Pedaqoji Universiteti