“Səhər tezdən idi, qızım ağlaya-ağlaya məni yuxudan durğuzdu ki, ata, qalx tez gedək, mama ölüb… Qızım İlhaməyə mama deyə müraciət edirdi. Başıma döyə-döyə getdim…”
Busaat.az xəbər verir ki, bunu bu gün anım günü olan mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı danışarkən müğənni Əli Mirəliyev Yenicag.az-a açıqlamasında deyib.
Ə.Mirəliyev İlhamə Quliyevanın xəstə yatağında olduğu dönəmlərdən danışıb:
“Özü bilmirdi, amma biz onun ömrünə az qaldığını bilirdik. Çünki ağır xəstə idi, yatağından qaldırıb ayaqyoluna sürüyə-sürüyə aparırdıq. Mənə və qızıma çox etibar edirdi, çünki yaxın qohum idik. Ölümündən bir gün əvvəl yanına getmişdim. “Mama gəlirəm” deyib qışqırırdı. Arada da kimlərisə söyürdü. Gecəni evə getdim, səhəri gün ona qulluq edən qadın zəng edib qızıma deyib ki, bəs tez gəlin İlhamə xanım keçindi. Çünki onun qohumlar arasında özünə yaxın saydığı adamlar yalnız biz idik. Qızımla birgə ora çatanda gördük ki, təcili yardım maşınları gəlib, heç kimi evə buraxmırlar. Qabaqcadan vəsiyyətini etmişdi, demişdi mirasımı qohumlarıma verməyin, əsgərlərə, uşaq evinə bağışlayın. Kaş ki vəsiyyətnaməsini yazılı şəkildə qoyardı. Amma heç vaxt öləcəyini ağlına gətirmirdi. Elə ölümü də qəfil oldu”.
Əli Mirəliyev bu gün sənət aləmində İlhamə Quliyevanın yerinin çox göründüyünü deyir:
“İlhamə Quliyeva bir məktəb idi. Onun səsindən, sənətindən bir də olmayacaq. Şou-biznesdə də ondan qorxub çəkinirdilər. Çünki hər kəsə yerini göstərməyi bacarırdı. Bu gün yoxdur, o demək deyil ki, şou-biznes adamları özlərini açıb-buraxıb, yox. Sadəcə olaraq o möhtəşəm sənət yoxdur. Bu gün musiqidə oxu, ifa tərzi itib. Heyif İlhamədən. Yadıma saldın, ağlamaq tutdu məni. Rəhmətlik məni çox istəyirdi”.