Çin Xalq Azadlıq Ordusunun (PLA) 103 təyyarəsi və Xalq Azadlıq Ordusu Hərbi Dəniz Qüvvələrinin (PLAN) 9 döyüş gəmisi Tayvan ətrafında adaya bitişik bölgəyə yaxınlaşıb.
Busaat.az xəbər verir ki, bu barədə Tayvan müdafiə departamentinin bəyanatında deyilib.
“Təsbit edilən təyyarələrdən 40-ı Tayvan boğazının orta xəttini keçib və ya Tayvanın cənub-qərb, cənub-şərq Hava Hücumundan Müdafiə Müəyyənetmə Zonasına daxil olub. Təyyarələr bunlar idi: Su-30, J-10, J-11, J-16 reaktivləri, KJ-500 uzaq mənzilli radar aşkarlayan təyyarə, həmçinin Y-20 tanker təyyarəsi. Tayvan ordusu vəziyyəti izləyib və CAP təyyarələri, Hərbi Dəniz Qüvvələri gəmiləri və quruda yerləşən raket sistemlərinə bu fəaliyyətlərə cavab vermək tapşırığı verib”, – bəyanatda bildirilib.
Tayvan Hava Hücumundan Müdafiə Müəyyənləşdirmə Zonası ada tərəfindən birtərəfli olaraq elan olunur və adanın hava məkanını çox üstələyən 492.000 kvadrat kilometr ərazini, həmçinin ətraf suları, Tayvan boğazını və materik Çinin Fujian, Jiangxi və Zhejiang əyalətləri üzərindəki hava məkanının bir hissəsini əhatə edir.
Çinin ən böyük adası olan Tayvan 1949-cu ildən bəri yerli administrasiyası tərəfindən idarə olunur. Rəsmi Pekin Tayvanı Çin Xalq Respublikasının əyaləti hesab edir. Vaşinqton Taypeyin əsas silah və hərbi texnika təchizatçısı olaraq qalır.