Yaxın zamanlarda Türkiyədə Qərbi Azərbaycan nümayəndəliyi açılacaq.
Busaat.az Report.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərov bu gün Ankarada keçirilən “Qərbi Azərbaycana qayıdışın insan hüquqlarının aliliyinin mühüm şərti kimi” adlı beynəlxalq konfransdan sonra bildirib.
İcmanın yarandığı gündən qarşısında duran əsas məqsədin Qərbi Azərbaycan həqiqətlərini və onların qayıdış hüquqlarını beynəlxalq aləmə çatdırmaq olduğunu vurğulayan millət vəkilinin fikrincə, həmişə Azərbaycanın yanında olan Türkiyə Qərbi azərbaycanlılar mövzusunda da bizi dəstəkləyəcək: “Qərbi Azərbaycandan həm erməni zülmündən, həm də Sovetlər dönəmindən başlayaraq Türkiyəyə pənah gətirən həmvətənlərimiz çox olub və onların sayı milyonlarladır. Onların da hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətlər daha da aktivləşib. Artıq Türkiyədə də nümayəndəliyimizi açmağa hazırlıqlar başlayıb”.
İndiyə qədər Türkiyənin başqa şəhərlərində Qərbi Azərbaycan mövzusunda elmi konfransların təşkil olunduğunu deyən millət vəkili bugünkü formatda beynəlxalq tədbirin bu ölkənin başqa vilayətlərində də keçiriləcəyini vurğulayıb: “Bakıda bu formatda iki böyük konfrans keçirilib, heç şübhəsiz ki, Türkiyədə də keçirilməli idi. Bu gün Türkiyədəki elm ictimaiyyətinin nüfuzlu nümayəndələri, beynəlxalq hüququn tanınmış mütəxəssisləri, qeyri-hökumət təşkilatlarının iştirakı ilə belə konfransın baş tutması önəmli hadisədir. Bu formatda tədbirlərin Türkiyənin başqa vilayətlərində də keçirilməsi hədəfimizdədir. Hesab edirəm ki, bu gün səslənən məsələlərin Türkiyə ictimaiyyətinə çatdırılması istiqamətində bu tədbirin çox böyük əhəmiyyəti olacaq”.
İcma sədri Azərbaycanla yanaşı, bütün xarici ölkələrdə Qərbi Azərbaycan nümayəndəliyinin qurulması ilə bağlı fəaliyyətlərin olduğunu qeyd edib: “Fransada, Niderlandda nümayəndəliyimiz var. Digər ölkələrdə də yaradılacaq”.
Ə.Ələkbərov qeyd edib ki, bugünkü formatda tədbirin Avropada da keçiriləcəyi planlaşdırılıb: “Qərbi azərbaycanlılarla bağlı oktyabrda Brüsseldə də konfrans keçiriləcək”.