Qərbi Balkan ölkələri vahid regional enerji bazarı yaratmaq barədə razılığa gəliblər.
Busaat.az xəbər verir ki, bunu Albaniya, Şimali Makedoniya, Monteneqro liderləri və Bosniya və Herseqovina hökumətinin başçısı ilə birgə mətbuat konfransında Serbiya prezidenti Aleksandar Vuçiç deyib.
“Bugünkü konfransda biz enerji məsələsində bir-birimizə kömək etmək üçün regional bazarın formalaşmasına doğru hərəkət etmək barədə razılığa gəldik, çünki gələcəyimizi yalnız birlikdə təmin edə bilərik. Söhbət təkcə bu qışdan deyil, həm də qarşıdan gələn bütün zamanlardan gedir” – deyə, Vuçiç qeyd edib.
Serbiya prezidenti bildirib ki, Norveç region ölkələrinə 10 ildən 20 ilədək bərpa olunan enerjinin inkişafı üçün üç variant təqdim edib. Bu variantlar 16 milyard avro ilə 32 milyard avro arasında xərc tələb edəcək. Vuçiç qeyd edib ki, bu, böyük investisiyadır və Balkan ölkələri onlar üçün hansı variantın daha üstün olduğunu seçməli olacaqlar.
Qeyd edək ki, Norveç səfirliyi tərəfindən təşkil edilən regional enerji konfransında Albaniyanın Baş naziri Edi Rama, Şimali Makedoniyanın Baş naziri Dimitar Kovacevski, Monteneqronun Baş naziri Dritan Abazoviç və Bosniya və Herseqovinanın Baş naziri Zoran Tegeltija iştirak ediblər.
2019-cu ilin oktyabrında Serbiya, Albaniya və Şimali Makedoniya liderləri regionda məhsulların, kapitalın, xidmətlərin və insanların sərbəst hərəkətini nəzərdə tutan Vahid İqtisadi Məkan (“Açıq Balkan”) haqqında Bəyannamə qəbul ediblər.