ABŞ-da “Qızıl qlobus-2022” kino mükafatı sahiblərinə təqdim olunub. “Qafqazinfo” xəbər verir ki, tədbir 79-cu dəfə keçirilib.
Lakin ənənəvi təqdimetmə mərasimi olmayıb: gecə qırmızı xalça mərasimi və canlı yayım, həmçinin namizədlər, ulduzlar və jurnalistlərin iştirakı olmadan keçirilib.
Əsas mükafata “The Power of the Dog” adlı ekran işi layiq görülüb. Bu filmə görə Ceyn Kempion “ən yaxşı rejissor” nominasiyasında qalib gəlib.
“Ən yaxşı komediya/müzikl” kateqoriyasında Stiven Spilberqin “West Side Story” filmi qələbə qazanıb.
Dramda “ən yaxşı aktyor” “King Richard” filminə görə Uill Smit, komediya isə “Tick, Tick… Boom!”da oynamış Endrü Qarfild seçilib.
Dramda “Ən yaxşı aktrisa” kateqoriyasında heykəlciyi Aaron Sorkinin “Being the Ricardos” ekran işinə görə Nikol Kidman alıb. Analoji nominasiyada, lakin komediya/müzikl janrında “West Side Story”də rol almış aktrisa Reyçel Zeqler qalib gəlib.
Müğənni Billi Ayliş Ceyms Bond haqda çəkilmiş “No Time to Die” filminin eyniadlı saundtrekinə görə “Ən yaxşı mahnı” kateqoriyasında mükafatlandırılıb. “Ən yaxşı orijinal saundtrek” nominasiyasında qalib “Dune” üzərində çalışmış Hans Zimmer olub.
“Ən yaxşı cizgi filmi” “Disney” studiyasının istehsalı olan “Encanto” seçilib. “Encanto” “Ən yaxşı animasiya filmi” seçilib. “Xarici dildə ən yaxşı film” mükafatı “Drive My Car” (Yaponiya) alıb.
Televiziya seqmentində əsas aktyor mükafatlarını “Mare of Easttown” serialına görə Keyt Uinslet və “Dopesick” serialına görə Maykl Kiton alıblar.
Dramda “ən yaxşı teleserial” “Heirs”, komediya/müziklda isə “Hacks” qalib olub. “Mini serial” kateqoriyasında heykəlciyi Barri Cenkinsin “The Underground Railroad” serialı alıb.