Sərdar Cəlaloğlu: “6 dönəm deputat seçilir, ancaq bir dəfə də olsun danışmır” – MÜSAHİBƏ

image-32backend

Busaat.az-ın “Tarixə düşənlər” rubrikasının növbəti qonağı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğludur.

Təşkilat rəhbəri ilə ictimai, siyasi, sosial və başqa məsələlər ətrafında müzakirə apardıq.

Nə istirahət edirəm, nə seçkiyə hazırlaşıram

– Sərdar bəy, istirahət edirsiniz, yoxsa sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlaşırsınız?

– Nə istirahət edirəm, nə seçkilərə hazırlaşıram. Evdəyəm.

– Partiyanız seçkilərə qatılacaqmı?

– Partiya qərar verib, üzvlərimizin bir çoxu seçkidə iştirak edəcək. Bir sözlə, ADP seçkilərə qatılacaq.

– Seçkilərə qatılmayan, bu siyasi marafonu “boykot” edənlər də var. Bunu necə dəyərləndirirsiniz?

– Bu da onların seçimidir.

– Yeni formalaşacaq parlamentdə nə kimi dəyişikliklər olmalıdır?

– Necə ola bilər ki, bir nəfər 6 dönəm deputat seçilir, ancaq bir dəfə də olsun, ağızını açıb danışmır? Xalq bu adamları tanımır. Belə məsələlər olmamalıdır.

– Qeyd etdiniz ki, bəzi deputatlar danışmırlar, millət vəkili Vahid Əhmədov danışırdı, onun oğlu Qaradağ rayon prokuroru Zəfər Əhmədov vəzifəsindən azad edildi. Sizcə, bu qərar Vahid Əhmədovun danışması ilə bağlı ola bilərmi?

– Bu, yüzdə-yüz Vahid Əhmədovun danışması ilə bağlıdır.

Sertifikasiya maddi maraqlandırma, stimulverici addımdır

– Müəllimlərin sertifikasiya imtahanı ilə bağlı xeyli narazılıqlar müşahidə olunur. Həm yaş senzinə görə, həm də müəllimlərin davamlı olaraq imtahan edilməsinə etiraz nümayiş etdirənlər var. Müəllim işə qəbul olunmaq üçün Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanını keçir. MİQ imtahanından sonra sertifikasiya imtahanı verir. Sizcə, bunların biri digərini təkzib etmirmi?

– Dünyada belədir ki, elm inkişaf etdiyinə görə, heç kəs baza təhsili əsasında qala bilməz. Mən həkim kimi daim çalışıram ki, bu sahədəki son nailiyyətlərlə tanış olum. Elmi inkişafla ayaqlaşmaq üçün müasir təhsil sisteminə keçid edilməlidir, müəllimlər üzərlərində işləməldirlər. Sertifikasiya peşə bacarıqlarının artırılması ilə yanaşı, maddi maraqlandırma, stimulverici addımdır. Müəyyən balı toplayanların əmək haqlarına əlavələr olunur. Azərbaycanda yaxşı ilə pis arasında fərq yoxdur. Halbuki hansı mütəxəssisin güclü və ya zəif olması öz əksini tapmalıdır.

– Son günlər dizel və benzinin qiymətindəki artım da müzakirə predmetinə çevrilib. Sizcə, bundan sonra ərzaq məhsullarının qiymətində ciddi bahalaşma müşahidə oluna bilərmi?

– Ölkədə itqisadi sahədə durğunluq var, əhalinin də tələbatı artır. Bu fiscal təzyiqdir, vətəndaşların cibinə mənfi təsir göstərəcək.

Türk dövlətləri birləşməli və o təşkilat meydana çıxmalıdır ki…

– Son günlər Türk Dövlətləri Birliyi ilə bağlı müsbət siqnallar alırıq. Sizcə, bu birlik əməli bir iş ortaya qoya biləcəkmi, türkdilli ölkələr monolit birliyə çevrilə biləcəkmi?

– Türk dövlətlərinin birliyi məsələsi əvvəllər bir romantik ideya idi, amma yeni dünya düzəninə doğru irəlilədikcə, hamı anladı ki, milli və regional birliklərin yaradılması qaçılmazdı. Türk dövlətlərinin bəxti orada gətirib ki, eyni millətin 7 dövləti var. Bu ölkələr vahid platformada birləşə bilərlər.

Ərəb dövlətlərinin Ərəb birliyi var. Bizdən qabaq Avropa Birliyi, Ərəb birliyi, Cənubi Amerika, Afrikanın özündə birliklər var. Biz gecikmişik. Proseslər də ləng gedir. Mənə elə gəlir ki, türk dövlətləri birləşməli və o təşkilat meydana çıxmalıdır ki, Azərbaycanı ora-bura çəkmək istəyən təşkilatlar dayansınlar.

– Sərdar bəy, bir az da Fransanın Azərbaycana qarşı bitməyən kin-küdurətindən, qərəzli yanaşması və təhdidlərindən danışaq. Fransa nə istəyir?

– Azərbaycan Türkiyənin müttəfiqidir. Rusiya ilə isə sıx münasibətlərimiz var. Rəsmi Paris isə rəsmi Moskva və Ankara ilə rəqibdir. Fransanın bizə birbaşa təsiri və təzyiqi yoxdur, sadəcə xarici müttəfiqlərimizlə problemləri var. O problemlər Fransanın Azərbaycana münasibətinə təsir göstərir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki