“Bir gündə 86 meyit gətirdilər, onlardan biri də həyat yoldaşım idi” – Xocalı sakini…

image-1614152909_15b1682f-281f-4abc-ae41-33c31bc89b52backend

“Bir gündə 86 meyit gətirdilər, onlardan biri də həyat yoldaşım idi” – Xocalı sakini…
Bir neçə gün sonra Xocalı faciəsinin 29-cu ildönümü qeyd olunacaq. Moderator.az bir müddətdir ki, faciə şahidləri ilə silsilə yazıları təqdim edir. Bu dəfəki müsahibimiz Xocalı sakini Ceyran Əzizovadır. C.Əzizova 1964-cü ildə Xocalıda anadan olub.Hüquqşunasdır. Xocalı faciəsi zamanı həyat yoldaşını və digər yaxınlarını itirib.

C.Əzizova həmin hadisələri  belə nəql edib:

“Biz Xocalıdan fevralın 13-də çıxdıq. Fevralın 11-də ermənilər Xocalını mühasirəyə alıb atəş açmağa başladılar. Elə bir atəş açıldı ki, Xocalının buna cavab vermək gücü olmadı. Onda qayınım gəlib dedi ki, bununla ermənilər Xocalının gücünü yoxladılar və şəhər işğal olunacaq. Məsləhət oldu ki, uşaqlı gəlinlər, yaşlılar, yaralılar Xocalını tərk etsinlər ki, döyüşçülərimiz düşmənə müqavimət göstərə bilsin. Fevralın 12-də aeroporta gəldik helikopter gəldi və onunla da yaralıları apardılar. Onda biz evə qayıtdıq. Elə atəşə tuturdular ki, heç yerdə gizlənmək mümkün deyildi. Fevralın 13-də daha bir helikopter gəldi. O Xocalıya un gətirmişdi. Artıq Xocalıda heç nə qalmamışdı. İnsanların çörəyə ehtiyacı var idi. Döyüşçülərimizə isə silah lazım idi. Biz birtəhər helikopterə minmək üçün o tərəfə getdik. Gedəndə mən Badara çayının içindən keçəndə yıxıldım. Dizlərim yaralandı, daha sonra qəbiristanlığın yanından sıldırım qayaları və şumluq əraziləri keçib helikopterə çatdıq. Orda gördük ki, 400-500 adam toplaşıb”.

“Elman müəllim dedi ki, başa düşürəm yeriniz yoxdur, amma gedib səbr edin ki, bu oğlanlar döyüşə bilsinlər…”

“Allah bir möcüzə yaradır və insanı öldürmür. Mən artıq düşündüm ki, adam çoxdu və yer olmayacaq. Ona görə də çarəsiz idim. Bir də gördüm ki, pilotun yanından qapı açıldı və müəllimim olan indiki millət vəkilimiz Elman Məmmədov qapıdan mənə dedi ki, “uşaqları ver”. Onlar uşaqları həmin qapıdan mindirdilər. Daha sonra mən də helikopterə mindim. Elman müəllim dedi ki, “başa düşürəm yeriniz yoxdur, amma gedib səbr edin ki, bu oğlanlar döyüşə bilsinlər”. Helikopter havaya qalxan kimi ermənilər bizi atəşə tutmağa başladı. Amma iki qırıcının mühafizəsi ilə gecə saatlarında Gəncə hava limanına gəldik. Orda hiss etdim ki, artıq donmuşam, çünki çayı keçmişdim. Daha sonra bizi avtobuslarla Ağdama yola saldılar. Ağdamda qərargahdan Xocalıyla hər gün əlaqə saxlamağa başladım. Anam da mənimlə Xocalıya gəlmişdi. Amma atam, həyat yoldaşım, bacım Xocalıda idi”.

“Həmin gün evə gəldim, amma çox narahat idim…”

“Fevralın 25-idi və artıq vəziyyət getdikcə çətinləşirdi. Amma deyirdilər ki, Fəhmin Hacıyevin qırıcıları gedib erməni postlarını vurur ki, Xocalıya irəliləməsinlər. Əvvəl polis şöbəsinə zəng vurdum ki, yoldaşımla danışım, amma dedilər ki, yoldaşın postdadır. Daha sonra qonşumla danışdım və dedi ki, narahat olma salamatçılıqdır. Əmimə zəng vurdum və dedim ki, deyirlər Fəhminin qırıcıları erməniləri vurur. Əmim dedi ki, “qırıcılar elə necə gəldi atır, çox vaxt bizi vurur”.

“Qadınlar bir-biri ilə danışıb deyirlər ki, bu gecə Xocalıda camaatı qırıblar və cəmi 30 nəfər adam çıxıb…”

“Həmin gün evə gəldim, amma çox narahat idim. Səhər tezdən durub bazara getdim ki, uşaqlar üçün yemək alım. Bir kiloqram şəkəri çəkəndə gördüm ki, qadınlar bir-biri ilə danışıb deyirlər ki, bu gecə Xocalıda camaatı qırıblar və cəmi 30 nəfər adam çıxıb. Aldığım ərzaqları orda atıb birbaşa qərargahın qabağına gəldim. Gördüm ki, Xocalıdan 25-30 nəfər qadın gəlib. Hamısının ayağı yalın idi. Onlardan biri də atamın xalası qızı idi. Kimsə bir ayaqqabı gətirib ona verdi. Mən bizimkiləri soruşanda dedi ki, heç kimi görmədik. Mənim də orda qohum-əqrəbam çox idi. Ordan xəstəxanaya gəldim. Xəstəxanada Rübabənin azyaşlı oğlu Əlizamini itirdiyinə görə naləsini eşidəndə dəhşətə gəldim. İndi də o naləni unuda bilmirəm. Amma sonradan bizim döyüşçülər həmin uşağı tapıb anasına qaytardılar”.

“Axşama kimi orda oturub meşədən çıxan adamları gözləyirdik…”

“Xəstəxananın həyətində bibim qızı, uşaqları, gəlinimizin anası və tanıdığım adamların çoxu yaralı gəlmişdi. Yenə bizim qohumları soruşdum dedilər ki, görmədik. Bu dəfə Şelli dərəsinə getdim. Axşama kimi orda oturub meşədən çıxan adamları gözləyirdik. Bir nəfər qadın gəldi. Mən kiçik bacımdan nigaran idim, o üç ayın gəlini olanda yoldaşı Muradov Zahidi ermənilər öldürmüşdü. Xocalının ilk şəhidi elə o idi. Bacım isə yeddi aylıq hamilə idi. Orda heç kimi tapa bilmədik və kor-peşman evə qayıtdıq. Bizim nəsildən bir nəfər gəlmədi. Üç gündən sonra qayınamam əsirlikdən gəldi və onda bildik ki, qohumlarımızın çoxunu əsir götürüb öldürüblər. 60 nəfərdən çox şəhidimiz var”.

“Ermənilər deyib ki, əgər silahı yerə qoymasanız uşaqların hamısını öldürəcəyik…”

“Atamın iki bacısı, hər bacısının iki övladı, nəvələri, bibimin yoldaşı, qızı, qayınım, baldızımın yoldaşı, oğlu, qayınımın 17 yaşında oğlu, həyat yoldaşım və digər qohumlarım həlak oldu. Qayınamam dedi ki, “Rasifi snayperlə vurdular”. O, qayınım idi. Dedi ki, “onun üzünü örtdük ağacın dibinə qoyduq”. Daha sonra mənim yoldaşım və digər döyüşçülərimiz isə camaatı keçirmək istəyəndə əhali əsir düşüb. Yoldaşımgil camaatı xilas etmək üçün ermənilərlə döyüşüblər. Ermənilər deyib ki, əgər silahı yerə qoymasanız uşaqların hamısını öldürəcəyik. Elə təkcə orda 30 nəfərə qədər uşaq olub. Bunlar məcbur olub silahı yerə qoyub və təslim olublar. Yoldaşımgili isə öldürüblər”.

“Martın 1-də gecə saatlarında “Kamaz”da 86 nəfər meyit gətirdilər…”

Qayınamam dedi ki, “Vasifi aparanda dedi ki, ana, məni verməyəcəklər, gedirəm. Uşaqlarım sənə əmanət”. Yoldaşımın adı Vasif idi. (Ağlayır) Sonra dedi ki, qayınımın oğlu, baldızımın yoldaşı orda idi. Qayınımgil gedib şəhid Milli Qəhrəman Allahverdi Bağırovla çalışırdılar ki, əsirləri geri qaytarsınlar. Martın 1-də gecə saatlarında “Kamaz”da 86 nəfər meyit gətirdilər. Meyitləri məscidə gətirdilər və insanlar öz meyitlərini seçirdi. Qayınımgil bizi içəri qoymadı. Dedilər ki, qorxarsınız. Orda mənə demədilər yoldaşının meyitini gətirmişik. Gecəni evə gəlib yatdıq. Mən yuxulara inanmırdım, amma Xocalı faciəsi zamanı iki yuxu gördüm və ikisi də düz çıxdı. Xocalı dağılanda yuxuda gördüm ki, həyətimizi süpürürəm və samovar qaynayır. Amma hardansa azan səsi gəlirdi. Süpürgəni yerə atıb qaça-qaça gedib çayı keçdim və bir evə daxil oldum. Gördüm ki, orda ağpaltarlı kişilər oturub və Quran oxuyurlar. Orda mənə dedilər ki, bura sənin yerin deyil. Yuxumu danışanda dedilər ki, həyət süpürmək pis şeydir. Bu dəfə də məsciddən qayıdıb evə gəlib yatanda yuxuda gördüm ki, evimiz yanıb, amma küncdə bir taxtadı üstündə çıraq var. Çırağı götürmək istəyəndə pəncərə döyüldü və yuxudan ayıldım. Gördüm ki, qardaşım ağlaya-ağlaya deyir ki, meyitlərin içində yoldaşın da var, dəfn edirik, uşaqları geyindir gəl. Ağdamın Tərnöüt kəndində yoldaşımı dəfn etdik. Bir gündə beş şəhidimizi dəfn etdik. Daha sonra həmin kənd işğal olundu və artıq 29 ildir ki, həyat yoldaşımın məzarını ziyarət edə bilmirik.moderator

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90