Çin-Tayvan gərginliyi davam edərkən Çinin aprelin 16-da Tayvanın şimalındakı hava məkanını 27 dəqiqəlik bağlayacağı bildirilib.
Busaat.az xəbər verir ki, artıq Tayvanın Nəqliyyat və Rabitə Nazirliyi Pekin hökumətinin qərarına etiraz edib.
Tayvan Nəqliyyat və Rabitə Nazirliyi Pekin rəhbərliyinin bu qadağanı ilk olaraq 16-18 aprel tarixləri arasında 3 gün tətbiq etmək istədiyini, lakin Tayvandan gələn reaksiyalardan sonra bunun 27 dəqiqəyə endirildiyini açıqlayıb.
Tayvan Milli Müdafiə Nazirliyi (MND) də məsələni yaxından izlədiyini bildirib və uçuşa qadağa zonasının Tayvanın təxminən 85 dəniz mili şimalında, ölkənin Hava Hücumundan Müdafiə Tanıma Zonasında (ADIZ) yerləşdiyini açıqlayıb.
Ötən həftə Tayvan lideri Tsai İnq-ven Kaliforniyada ABŞ Nümayəndələr Palatasının sədri Kevin Makkarti ilə görüşüb və bu görüşə kəskin reaksiya verən Pekin rəhbərliyi Tayvan ətrafında hərbi təlimlərini artırıb.
Keçən il ABŞ Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosinin Tayvana səfərindən sonra oxşar siyasət yürüdən Pekin administrasiyası son dövrlərdə Tayvana yaxın sularda tez-tez hərbi təlimlər keçirir.
Busaat.az