Dünən Azərbaycanın elit hərbi birləşmələrindən sayılan Xüsusi Təyinatlı Qüvvələrin ölkənin cənub sərhədlərində hərbi təlimləri başlayıb. Təlimlərdən keçən qısa zaman sonra Təbriz şəhərində kütləvi etiraz aksiyaları keçirilib. Bu etirazlarda səslənən əsas fikirlər Azərbaycan ilə bağlı olub və xalqı azadlıq və milli özünüdərkə çağırıb.
İlham Əliyevin Azərbaycandan kənarda yaşayan bütün soydaşlarımızın hüquqlarının qorunmasına davam ediləcəyini bildirməsi və dünən İran sərhədində Xüsusi Təyinatlı Qüvvələrin təlimlər keçirməsi fonunda Təbrizdə xalq etirazlarının başlanması Azərbaycan xalqının diqqətinə səbəb olub.
Busaat.az təlimlərlə etirazların eyni vaxta təsadüf etməsi, bundan sonra bölgədə nə kimi hadisələrin yaşanması ehtimalları barədə hərbi məsələlər üzrə ekspert Elxan Şıxəliyevin fikirlərini öyrənib:
“Xüsusi Təyinatlı Qüvvələrin təlimlər keçirməsi, xüsusilə də bu təlimlərin cənub istiqamətində keçirilməsi planlı addımdır. Bir həftə öncə İran İslam Respublikasının SEPAH qüvvələrinin bizim cənub sərhədlərimizdə 40 minlik orduyla təlim keçirməsi Azərbaycana qarşı gələcəkdə mümkün ola biləcək təhdid və təhlükələri ortaya qoydu. Xüsusən də biz bilirik ki, SEPAH qüvvələrinin təlimlərinin bir hissəsi Araz üzərindən körpülər ataraq keçid əməliyyatlarının hazırlığı idi. Araz üzərindən körpülər atılandan sonra keçiləcək ərazilər Azərbaycandır. İran İnqilab Keşişçiləri Korpusunun təlimlərini sərhədimizdə keçirməklə təlimin ssenarisində, niyyətində düşmən olaraq Azərbaycanı və hədəf olaraq Azərbaycan ərazilərini göstərir. XTQ-nın bu bölgələrdə təlim tapşırıqlarının yerinə yetirilməsində məqsəd ondan ibarətdir ki, gələcəkdə mümkün ola biləcək İran Silahlı Qüvvələrinin təxribat diversiyası fəaliyyətlərinə, mümkün ola biləcək təhdid və təhlükələrinə qarşı hazırlıqlı olaq. Əgər İran bizə Arazı keçərək irəliləmə mesajı verirsə, biz də artıq silahlı qüvvələr olaraq buna hazır olmalıyıq. Xüsusən də İranla sərhəd olan bütün bölgələrimizin təhlükəsizliyini təmin etmək üçün silahlı qüvvələrimizin, bütün güc strukturlarımızın bu istiqamətdə təlimlərini keçirməliyik. Çünki İran tərəfi artıq kartları açdı. Azərbaycana növbəti təhlükənin İrandan olacağına dair açıq mesaj verdi”.
İrandakı etiraz aksiyalarına da toxunan ekspert Azərbaycan dövlətinin öz soydaşlarının haqlarını müdafiə edəcəyini bildirib: “Digər bir məsələ odur ki, İranda baş verən iğtişaşlar zamanı rejim insan haqlarını tapdaladı, xalqın dinc nümayişinə qarşı güc tətbiq elədi. Məhz bundan sonra Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan bütün dünyadakı soydaşlarının haqq və hüquqlarını dəstəkləməkdə davam edəcək. Bu o deməkdir ki, İranın Azərbaycan əsilli vətəndaşlarını dəstəkləməyə davam edəcəyik. İstənilən halda onların haqq mücadiləsinin yanındayıq. Biz siyasi mövqeyimizi də bildirmişik. İnsan haqq və hüquqlarının pozulması və qorunmaması ilə bağlı başlanan iğtişaşlarda artıq azadlıq şüarları səsləndirilir. Ona görə də biz mənəvi və siaysi olaraq hər zaman İrandakı soydaşlarımızın yanında olduğumuzu və olacağımızı da bildirmişik”.
Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın milli mübarizəsi məsələlərinə toxunan ekspert əlavə edib: “Düşümnürəm ki, artıq İranda yeni bir Azərbaycan dövlətinin yaranmasının tam zamanıdır. Əslində bizim Azərbaycan əsilli İran vətəndaşlarının da istəyi bundan ibarətdir. İran bütün imkanları ilə bunun baş verməməsinə çalışacaq. Əsasən də, bunun səbəbkarının Azərbaycan olduğunu düşünəcək. Baxmayaraq ki, xalqlar özləri bunu hələ İran inqilabından öncə istəyirdi. 1969-cu ildən sonraki bütün mərhələlərdə də İrandakı soydaşlarımız ayrı bir dövlət qurmağa və ya Azərbaycanın tərkibində bir dövlət olmağa çalışır. İndi soydaşlarımız bu arzularını reallaşdırılar. Düşünürəm ki, verdikləri haqq mücadiləsi istədikləri kimi yekunlaşar və biz bütün hallarda mübarizə aparan əhalinin yanında olmağa davam edəcəyik. Çünki bizim bütöv Azərbaycan anlayışımız – Cənubi və Şimali Azərbaycan anlayışından keçir”.
Busaat.az