İranda keçirilən prezident seçkiləri Azərbaycanda da diqqətlə izlənilir. Ölkə mətbuatında bu seçkilərlə bağlı kifayət qədər məlumatlar verilir. Sözügedən informasiyaların əksər hissəsində İranda prezidentliyə namizəd olan Məsud Pezeşkiyandan bəhs olunur.
Busaat.az xəbər verir ki, məqalələrdə namizədin soyadı həm “Pezeşkiyan”, həm də “Pezeşkian” kimi qeyd olunur.
Bəs əslində necə yazmalıyıq – Pezeşkiyan, yoxsa Pezeşkian?
Filologiya üzrə fəlsəfə doktoru Ruslan Abdullayev açıqlamasında bildirib ki, yalnız Avropa mənşəli soyadların sonluğunda “ian” şəklində yazılır.
“Ancaq İran mənşəli soyadlarda “yan” formasında yazılır. “Yan” şəkilçisinin etimologiyası var. Mənası oğlu deməkdir. Əsasən iranlılarda işlədilir. Həm də tarixinə nəzər salsaq, qədim qıpçaqçadan gəlir”, – o qeyd edib.
Müsahibimizə görə, odur ki, Azərbaycan mətbuatında İrandakı prezidentiliyə namizədin soyadı Pezeşkiyan kimi yazılmalıdır.
Qeyd edək ki, iyunun 28-də İran İslam Respublikasında keçirilən seçkidə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilmədiyindən ikinci tur təyin olunub.
Məlumata görə, prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin olunub.
Bu turda Məsud Pezeşkiyan və Səid Cəlili iştirak edəcək.