Türkiyənin Pamukkale Universitetinin İnsan və Sosial Elmlər Fakültəsinin Çağdaş türk ləhcələri və ədəbiyyatları kafedrası tərəfindən Türkiyə Cümhuriyyətinin quruluşunun 100-cü ildönümü münasibətilə “Türk dünyası və çağdaş türk ləhcələri” adlı kitab nəşr edilib.
Busaat.az xəbər verir ki, nəşrdə qeyd olunan sahələrlə bağlı kafedranın professor-müəllim heyətinin, doktorant və magistrantlarının elmi çalışmaları əksini tapıb.
Üç hissədən ibarət kitabın birinci hissəsində Çağdaş türk ləhcələri və ədəbiyyatları kafedrasının müdiri professor Nərgiz Biray kafedranın elmi araşdırmaları və əldə etdiyi nailiyyətlərlə bağlı müfəssəl məlumat verib.
Kitabın ikinci hissəsində cümhuriyyət dönəmində Türkiyədə qazax, qırğız, türkmən, özbək, tuva və çuvaş türkcələri, Azərbaycan, türkmən, qazax, tuva ədəbiyyatı və yakut türkləri ilə bağlı aparılan araşdırmaların analitik biblioqrafiyasına yer verilib.
“Türk dünyası və çağdaş türk ləhcələri” kitabının üçüncü hissəsi isə türk dünyasının şair və yazarlarının təqdimatı, onların əsər və ədəbi şəxsiyyətləri barədə bilgilərdən ibarətdir.
Qeyd edək ki, kitabda “Yeni Çağ” Media Qrupunun əməkdaşı, tənqidçi Aqil Bəkirin Türkiyədə Azərbaycan ədəbiyyatı ilə bağlı son 10 ildə aparılan araşdırmalardan bəhs edən məqaləsi də dərc olunub.