Əvvəlcə oradan başlayaq ki, seçkilərin ikinci tura qalması, həm hazırkı iqtidarın təmsil olunduğu “Cümhur İttifaqı”, həm də ana müxalifət partiyasının rəhbərlik etdiyi “Millət İttifaqı” üçün qənaətbəxş sayılmamalıdır.
İkinci tura qalmaq namizədlərin birinci turda xalqdan yekdil inam qazanmadıqlarının göstəricisidir. Yəni Türkiyə seçicisi tərəflərin heç birinə yekdil inama sahib deyil.
Xatırlamaq yerinə düşər ki, bundan əvvəlki seçkilərdə Rəcəb Tayyib Ərdoğan və partiyası həmişə xalqdan yekdil dəstək görürdü…
Ancaq son illər Türkiyədə sekulyar dəyərlərin gözdən gəlinməsi, iqtisadiyyatda uğursuzluqlar və elm adamlarının xəbərdarlıqlarına vaxtında qulas asmamağın nəticəsi olaraq, “Əsrin fəlakəti”nin yaşanması, 50 mindən çox insanın ölümü Rəcəb Tayyib Ərdoğana etimadı azaldıb.
Müxalif düşərgə isə, heç iqtidara gəlmədən xalqın fikirlərinə önəm vermədiyini ortaya qoydu. Xatırlayın, türk xalqı dəfələrlə anketlər, küçə sorğuları və digər fərqli vasitələrlə müxalifət düşərgəsinə öz mövqeyini bildirmiş, prezidentliyə namizəd olaraq Kemal Kılıçdaroğlunu istəmədiklərini, qarşılığında hazırkı bələdiyyə sədrləri Mansur Yavaş və Ekrem İmamoğlundan birinin namizəd olmasını tələb etmiş, bu halda müxalifətdən yana səs verəcəklərini bildirmişdilər.
Bəli, “Altılı masa” xalqı görməzdən, sözünü önəmsəməzdən gəldi..
Nəticə? Ərdoğan iqtidarının yuxarıda da sadaladığım ciddi səhvlərinə baxmayaraq, bu fürsət əldən qaçdı və hətta Kılıçdaroğlu Ərdoğandan daha az səs, parlament seçkilərində isə, müxalif blok iqtidar blokundan daha az yer qazandı…
Belə xülasələşdirmək olar ki, bu seçkidə kimin prezident seçilməsindən asılı olmayaraq, hər iki tərəf (iqtidar və ana müxalifət – red.) xalqın etimadını itirməsi sürətilə məğlubdur. Sadəcə xalq iki tərəfdən birinə – ən yaxşı tərəf hesab etdiyinə səs verəcək və onu qalib edəcək.
Amma seçkinin qazananları da var. Bu isə, hansı tərəfdən seçkiyə qatılmış olmasından asılı olmayaraq, milliyəçilərdir. Fikir verək:
– İqtidar düşərgədən seçkiyə qatılan Milliyətçi Hərəkat Partiyası (MHP) və müxalif düşərgədən seçkidə iştirak edən İYİ Partiya məclisdə əlavə yerlər qazandı.
– Ən əsası, yeni milliyətçi blok olaraq formalaşan və Sinan Oğanı namizəd kimi seçkiyə göndərən “ATA İttifaqı” seçkilərin ikinci tura qalmasının əsas səbəbkarı olmuş, beləcə milliyətçi qüvvəni də ikinci turun əsas həlledici faktoruna çevirmişdir.
“Ata İttifaqı”nın seçkini ikinci tura saxlayan əsas qüvvə olduğu onunla bağlıdır ki, bu ittifaqın səs tabanını əsasən, MHP və AKP-nin “Cümhur İttifaqı”na inamını itirən seçicilər təşkil edir. Həmin seçicilər isə müxalif bloku da dəstəkləməyəcək, ya seçkidə iştirakdan imtina edəcəkdi, ya da sırf HDP-nin dəstəklədiyi müxaliflərin qalib gəlməməsi üçün yenidən Ərdoğana səs verəcəkdilər.
“Ata İttifaqı” bu nöqtədə öz “ilke”ləri ilə də diqqət çəkir. Blok ilk gündən öz şərtlərini və məqsədlərini açıqlamış, bu mənada terrorla mübarizə və terror qruplarının siyasi qanadlarının Türkiyə siyasətində çəkisinin artmasını əngəlləyəcəklərini qeyd etmişdilər.
An etibarilə ilə, bu məqsədlər özünü doğrultmuş, son zamanlar geniş istifadə edilən “HDP kimi dəstəkləyərsə…” fikri, artıq “Sinan Oğan kimi dəsəkləyəcək?”, ya da “ATA İttifaqı kimi dəstəkləyəcək?” fikri ilə əvəz edilmişdir.
Düzdür ola bilər ki, “Ata İttifaqı” və Sinan Oğan heç bir tərəfi dəstəkləməz, yaxud da onların dəstəklədiyi bloku seçicilər yüz faizlik nəticə ilə dəstəkləməsin, amma proses türk milliyətçilərinin dövlətin əsas qüvvəsi olduğunu təkrar xatırlatdı və insanların, xüsusən də milli görüşü təmsil edən sadə vətəndaşların gələcəyə və özünə inamını geri qaytardı.
O ki qaldı “Ata İttifaqı” və ya fərd olaraq Sinan Oğanın kimi dəstəkləyəcəyinə, düşünürəm ki, bu nöqtədə “Ata İttifaqı” ilə “Cümhur İttifaqı”nın ortaq məxrəcə gəlməsi daha real görünür.
Ona görə ki, Kemal Kılıçdaroğlu HDP-nin (Xalqların Demokratik Partiyası) və YSP-nin (Yaşıl Sol Partiya) səslərindən imtina edə bilməz. Səbəb aydındır. Davudoğlu, Babacan kimi sabiq AKP-lilərdən çox cüzi dəstək alır. Heç əsl Atatürkçü CHP-lilər onu dəstəkləmir. Kılıçdaroğlunun səslərinin əsasını CHP-lilər və İYİ Partiya mənsubları təşkil edirsə, digər əsas səs HDP və YSP-dən gəlir. Bu ikisindən isə, azı 12-13 (bunlar təxmini rəqəmlərdir – red.) faiz səs deməkdir.
Ərdoğan isə, HÜDA PAR-dan heç 1 faiz səs almır. Onun ittifaqda əsas səs aldığı partiya özünün AK Partiyası, sonra isə, MHP-dir.
Gəlin baxaq:
Sinan Oğan və “Ata İttifaqı”nın əsas tələbi nədir?: “Kim terrormeyilli partiyalardan uzaqlaşar və bizim şərtlərimizlə razı olarsa, ondan yana olacağıq”.
Sinan Oğanın səsi 5.2 civarındadır. Yəni, Kılıçdaroğlu 5 faiz üçün 12-13 faizlik terrormeyilli səslərdən imtina edə bilməz. Ağılsızlıq və məğlubiyyət olar.
Ərdoğan isə, HÜDA PAR-dan aldığı bir faizə çatmayan səsi asanlıqla silə bilər. Üstəgəl, Sinan Oğanın şərtləri AKP üçün qəbuledilməz nöqtədə sayılmır. Onsuz da MHP bənzər şərtlərə sahibdir.
Seçim ikinci turda Kılıçdaroğlunun məğlubiyyəti ilə başa çatacaqdır. Bu artıq bəllidir. Böyük ehtimal, Sinan Oğan iqtidarda təmsil olunacaq, MHP-nin qoyduğu şərtlər “Ata İttifaqı”nın tələbləri ilə daha da yüksələcək.
Sinan Oğan hazırda hədəfinə çatmaqdadır. Kılıçdaroğlu isə, eqoizmin və təkəbbürün nə olduğunu indi daha yaxşı anlayacaq. Türk xalqı vaxtında kimi aday çıxarmaq lazım olduğunu həm demiş, həm də tələb etmişdi.
Maraqlısı odur ki, Kılıçdaroğlu həmin o siyasətçiləri də özü ilə bərabər məhv etmiş sayılır. Çünki o siyasilər də vaxtında xalqı dinləmək yerinə, hansısa Kılıçdaroğlunu xalqdan üstün tutdular.
Həşim Səhrablı