“Bayden bununla da Ukrayna ordusuna yardımın davamlı olacağı və Rusiya iqtisadiyyatını çökdürmək üçün yeni planların hazırlanması mesajını verdi”.
Bunu ABŞ prezidenti Co Baydenin Ukraynaya səfərini şərh edən politoloq Rəfail Becanov Busaat.az-a açıqlamasında deyib.
O bildirib ki, Baydenin Ukrayna səfəri müharibənin gedişinə təsir etmək baxımından ciddi əhəmiyyət daşıyır. Bu səfər gözlənilməz olduğu qədər Ukraynaya aşkar dəstəyin ifadəsidir: “Müharibənin başlamasının bir ili yaxınlaşır. Yəni Rusiyanın Ukrayanaya hərbi təcavüzünün bir illliyinə bir neçə gün qalıb. Ukrayna dövləti və xalqı bir ildir ki, Qərbin də dəstəyini alaraq ciddi şəkildə müqavimət göstərir. Lakin Rusiya geri çəkilmək niyyətində deyil. Hesab edirəm ki, Rusiyanın uzunsürən müharibədə əsas məqsədlərindən biri Ukraynada daxili müqaviməti zəiflətmək, xalqı dövlət əleyhinə qaldırmaq, ordu ilə xalq və hakimiyyət arasında etimadsızlıq yaratmaqdır”.
Politoloq Ukraynanın müharibə əzmi və Qərbdən gələn dəstəyə toxunub: “Ukraynaya Qərb dövlətləri silah-sursat verir. Lakin döyüşmək üçün əsas qüvvə xalqdır, onun ruhudur, işğalçılıqla barışmamasıdır. Əgər döyüş ruhu, torpaqları işğaldan azad etmək istəyi, müqavimət olmasa, heç bir silah Ukraynaya kömək edə bilməz. Eyni zamanda daxildə qarşıdurma və etimasdızlıq olarsa, işğaldan qurtulmaq mümkün deyil. Ona görə də, Qərb liderlərinin Ukraynaya səfərlərinə bu aspektdən baxmaq olar. Ukraynaya gözlənilmədən səfər edən ABŞ prezidenti Co Bayden də məhz Kiyevdə ölkənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəklərini ifadə etmək üçün gəldiyini bəyan edib. Bununla yanaşı bir çox ciddi əhəmiyyətə malik mesajlar da verib. Bayden bəyan edib ki, Ukraynaya ABŞ tərəfindən hərbi yardım ediləcək, Rusiyaya qarşı sanksiyalar artırılacaq. Xüsusi məqamlardan biri də ABŞ-ın rəhbərliyi ilə 50-dən çox ölkənin koalisiya yaratması ilə bağlıdır. Bayden bununla da Ukrayna ordusuna yardımın davamlı olacağı və Rusiya iqtisadiyyatını çökdürmək üçün yeni planların hazırlanması mesajını vermiş olur”.
“Bütün bunlar o deməkdir ki, ABŞ birmənalı şəkildə Ukraynaya dəstəyini davam etdirəcək. Əgər belə olarsa, bu, Ukraynada müharibənin gedişinə və onun döyüş mövqelərində hərbi üstünlüyünə əhəmiyyətli dərəcədə təsir edəcək. Yəni dünya müharibənin bir illiyi ərəfəsində sürprizlərin şahidi ola bilər”, – politoloq əlavə edib.
Ələsgər / Busaat.az