İranın paytaxtı Tehranda Məhsa Əminin ölümündən sonra başlayan etirazlara qatılan və “iğtişaş törətməkdə” günahlandırılan bir çox nümayişçinin məhkəməsi davam edərkən, Tehran İnqilab Məhkəməsi daha bir nəfəri edam cəzasına məhkum edib.
Busaat.az xəbər verir ki,bu barədə İran Ədliyyəsinə bağlı Mizan Xəbər Agentliyində məlumat verilib.
Məlumatda, istintaq prosesinin ədalət və qanun əsasında sürətlə başladığı, müttəhimlərin mühakiməsinin davam etdiyi bildirilib. Bazar günü Tehran İnqilab Məhkəməsi tərəfindən 5 müttəhimə 5 ildən 10 ilə qədər həbs cəzası verilib. Tehran İnqilab Məhkəməsi onların şəxsiyyəti barədə məlumat verməyib. Daha bir nümayişçi odlu silahla “qorxu və hiddət yaratmaq” və “dövlətə müharibə elan etmək” cinayətinə görə ölüm cəzasına məhkum edilib.
Bu qərarla etirazlarında iştirak etdikləri üçün edama məhkum edilənlərin sayı ikiyə yüksəlib.
Qeyd edək ki, İran parlamentində 227 deputatın imzası ilə Noyabrın 6-da “nümayişlərdə odlu silahdan istifadə etməklə insanları öldürməyə cəhd edən və ölümə səbəb olanlar üçün ölüm hökmünün icrasını təklif edən” bəyanat dərc edilib.









