Türkiyənin təhlükəsizlik qüvvələrinin keçirdiyi “Qəhrəmanlar” genişmiqyaslı əməliyyat çərçivəsində 900-dən çox adam terrorda iştirakda şübhəli bilinərək saxlanılıb.
Busaat.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat yayıb.
“64 əyalətdə keçirilən “Qəhrəmanlar” əməliyyatı çərçivəsində 928 nəfər saxlanılıb, 744 ədəd dövlət qeydiyyatı olmayan silah-sursat müsadirə edilib”, – nazir açıqlamasında bildirib.
Bu arada, yerli KİV-in məlumatına görə, son 24 saat ərzində fəaliyyəti qadağan edilmiş Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvü olmaqda şübhəli bilinən 110-dan çox şəxs saxlanılıb.
Əməliyyatlar Ankarada Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında PKK-nın üzərinə götürdüyü terror aktından sonra həyata keçirilir. Oktyabrın 1-də iki terrorçu binanın darvazalarına yaxınlaşıb və onlardan biri mühafizə postunda partlayıcını işə salıb. Atışma olub, nəticədə ikinci terrorçu zərərsizləşdirilib. İki polis əməkdaşı yüngül yaralanıb. Daxili İşlər Nazirliyi hücum edənlərdən birinin PKK üzvü olduğunu müəyyən edib.