Çin kosmosa uzaqdan zondlama ilə “Yaogan 34” sinifli Yer müşahidə peyki göndərib.
Busaat.az xəbər verir ki, Çinin Sinxua xəbər agentliyinin məlumatına görə, “Yaogan-34-4” peyki Qobi səhrasındakı Ciucuen Peyk Mərkəzindən “Long March 4C” raketi ilə kosmosa buraxılıb.
Bildirilib ki, orbitə buraxıldıqdan sonra planlaşdırılmış orbital mövqeyə yerləşdirilən peyklər torpaq ehtiyatları və məhsulun monitorinqi, şəhərsalma və fəlakətlərin qarşısının alınması işlərində istifadə olunacaq. Buraxılış Long March raketləri ilə həyata keçirilən 470-ci uğurlu nəqliyyat missiyası kimi tarixə düşüb.
Yaogan-34 peyklərindən birincisi 30 aprel 2021-ci ildə, ikincisi 17 mart 2022-ci ildə, üçüncüsü isə 15 noyabr 2022-ci ildə buraxılıb.
Bəzi Qərb mənbələri Yaogan sinfinə aid peyklərin kosmos, kiberməkan və elektron müharibəyə cavabdeh olan Çin Xalq Azadlıq Ordusunun Strateji Dəstək Qüvvələri tərəfindən idarə olunan hərbi kəşfiyyat məqsədləri üçün təyin edildiyini irəli sürür.
Busaat.az