“Bizim üçün enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsidir”.
Busaat.az Oxu.Az-istinadən xəbər verir ki, bu fikri Çex Respublikasının milli təhlükəsizlik üzrə müşaviri Tomas Pojar Bakıda keçirilən Bakı Enerji Forumunda səsləndirib.
O bildirib ki, müasir geosiyasi reallıqlar fonunda enerji yalnız iqtisadi deyil, həm də strateji alətə çevrilib:
“Bu gün Rusiya enerjidən bir təsir vasitəsi kimi istifadə edir. Bu da göstərir ki, bir mənbədən asılılıq risklidir və qəbuledilməzdir”.
Pojar vurğulayıb ki, Çex Respublikası Azərbaycan neftinin əsas alıcılarından biridir:
“Azərbaycan nefti bizim enerji ehtiyatlarımızın mühüm hissəsini təşkil edir. Həmin neft ölkəmizin strateji rezervlərində saxlanılacaq. Məqsədimiz təchizatda davamlılığı təmin etmək və enerji mənbələrimizi diversifikasiya etməkdir”.
Onun sözlərinə görə, ölkəsi bu istiqamətdə müxtəlif dövlətlərlə əməkdaşlığı gücləndirməyə çalışır:
“Biz enerji sahəsində çoxtərəfli əməkdaşlığa önəm veririk. Bu yanaşma regionda və bütövlükdə Avropada sabitliyə töhfə verir. Məhz bu səbəbdən enerji təhlükəsizliyinə milli təhlükəsizlik kontekstində yanaşırıq”.