Qalib Azərbaycanın vətəndaşı kimi son beş ildə yaşadığımız hisslər o qədər qabarıqdır ki, bəzən onları dolğun şəkildə ifadə etmək üçün söz də yetərli olmur. Amma bütün hallarda həmin duyğular hər birimizdə Dövlətimiz və Xalqımız adına qürur hissi doğurur. Çünki İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi Zəfər öz haqqı uğrunda ləyaqətlə savaşmağı bacaran Azərbaycanı dünyaya yenidən təqdim etdi. Hər kəs gördü ki, 30 ilin ağır sınaqlarına baxmayaraq, insanlarımızda milli özünüdərk hissi nə qədər güclüdür. Bu tarixi Qələbə ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpasını təcəssüm etdirdiyi kimi, Türk dünyası faktorunu da yenidən aktuallaşdırdı və türkdilli dövlətlərin bir-birinə daha da yaxınlaşmasına təkan verdi. Ən başlıcası, bütün dünya gördü ki, tarixdə qətiyyətli və məsuliyyətli Lider amilinin əhəmiyyətini dananlar və ya onu kiçiltməyə çalışanlar yalnız özlərini aldadıblar.
Azərbaycan, Türkiyə və Pakistan Liderlərinin mayın 28-də Laçında keçirilən Zirvə görüşü ilə builki Müstəqillik Günü ölkə əhəmiyyətli tədbir səviyyəsini aşaraq beynəlxalq tədbirə çevrildi. Elə həmin gün istismara verilən Laçın Beynəlxalq Hava Limanında ali qonaq qismində məhz Türkiyə Prezidentinin və Pakistan Baş nazirinin rəsmi qarşılanma mərasimləri də, əslində, bir mesaj idi. 28 il boyunca torpaqlarımızı Ermənistana peşkəş etmək üçün dəridən-qabıqdan çıxan dairələrin gözü qarşısında Azərbaycan və Türkiyə Liderləri Laçın Beynəlxalq Hava Limanının təntənəli açılışını etdilər. Hər kəs bir daha gördü ki, ermənilərin uzun illər ərzində dünyaya “həyat yolu” kimi sırımağa çalışdıqları Laçın dəhlizi xam xəyaldan başqa bir şey deyilmiş.
Üç qardaş ölkə Liderinin Laçından verdiyi mesajlar dost dövlətlərlə yanaşı, Ermənistana və onun himayədarlarına bir daha xatırlatdı ki, Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallığın geriyə dönüşü yoxdur. Bununla hesablaşmayan və Ermənistanda hələ də revanş hissini körükləməyə çalışanlar o mesajı da aldılar ki, 350 milyonluq əhaliyə və 1.5 trilyon dollar səviyyəsində iqtisadi gücə sahib olan üç qardaş ölkənin tarixi birliyi indi heç vaxt olmadığı qədər güclüdür. Ən başlıcası, bu gücün təməlində tarixi bağlarımız, ortaq dəyərlərimiz və maraqlarımızla yanaşı, ədalət və beynəlxalq hüquq normaları dayanır. Prezident İlham Əliyevin Laçında Müstəqillik Gününə həsr olunmuş tədbirdə səsləndirdiyi bu bəyanat, heç şübhəsiz ki, Türk dünyasını, qardaş və dost ölkələri nə qədər sevindirdisə, bədxahlarımızı da bir o qədər məyus etdi: “Əminəm ki, azad edilmiş Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”.
Azərbaycan Prezidentinin Zirvə görüşündə verdiyi mesajlardan biri də onunla bağlı oldu ki, üç qardaş ölkənin müdafiə sahəsində əməkdaşlığı heç kimə qarşı yönəlməyib, əksinə, bu, nəinki regionda, daha geniş coğrafiyada sülhün və sabitliyin qarantıdır. Şübhəsiz ki,İkinci Zirvə görüşü bir çox xarici dairələr tərəfindən diqqətlə izlənilir. Onların arasında bu möhtəşəm tədbiri adekvat səviyyədə dəyərləndirərək onu təqdir edən və sevinənlər olduğu kimi, narahatlıq keçirən ənənəvi bədxahlarımız da var. Dövlətimizin başçısı elə bu səbəbdən sonuncuların diqqətinə xüsusi olaraq onu da çatdırdı ki, üç qardaş ölkə Liderinin Laçında bir araya gəlməsində əsas məqsəd həm də Avropa və Asiya arasında etibarlı iqtisadi bağlantıların qurulmasına töhfə verməkdir. Çünki bu, ölkələrimizlə yanaşı, daha geniş çoğrafiyanın maraqlarına da cavab verir. Prezident İlham Əliyevin növbəti açıqlaması bu mənada xüsusilə diqqət çəkir: “Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminik”.
Qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zirvə görüşündəki çıxışı zamanı səsləndirdiyi bəyanat da dəyişən və mürəkkəb dünyamızda qarşıdurmaya yox, əməkdaşlığa çağırışdır: “Əməkdaşlığımızın son dərəcə strateji aspektini təşkil edən nəqliyyat sahəsində “İnkişaf Yolu”, “Orta Dəhliz” və “Şimal-Cənub Nəqliyyat Dəhlizi” kimi layihələrə birlikdə töhfə verəcəyik”. Üç qardaş ölkə Liderinin Laçında bi araya gəlməsindən və mövcud olan əməkdaşlıq səviyyəsindən narahat ola biləcək dairələrə Türkiyə Prezidenti bu mesajı da verdi: “Coğrafiyamızda və onun hüdudlarından kənarda təhlükəsizlik təhdidlərindən tutmuş iqtisadi çətinliklərə, enerji və qida böhranlarına qədər bir çox sınaqlarla eyni anda üz-üzəyik. Bu çətinliklər qarşısında həmrəylik və birgə fəaliyyət məqsədimizin inkişaf etdirilməsini bir seçim deyil, zərurət olaraq görürük”.
Qardaş Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Laçında Müstəqillik Gününə həsr olunmuş tədbirdəki çıxışı zamanı səsləndirdiyi bəyanat isə, şübhəsiz ki, Azərbaycan və Türkiyə ilə sarsılmaz həmrəyliyin və mövqe birliyinin nümayişi olmaqla yanaşı, həm də bu cür dairələrə mühüm xatırlatma və xəbərdarlıq mesajıdır: “Əziz qardaşım İlham Əliyev, nə gözəl haldır ki, bu gün biz Azərbaycanın Müstəqillik Gününü bir yerdə qeyd edirik. Həmçinin bu gün- 1998-ci il mayın 28-də Pakistan nüvə dövlətinə çevrilmişdir. Bu səbəbdən, bu gün bu tədbirdə iştirak etmək mənim üçün çox böyük şərəfdir”.
Azərbaycan, Türkiyə və Pakistan Liderlərinin İkinci Zirvə görüşünün məhz Laçında keçirilməsi özü-özlüyündə tarixi mesajdır. Bu möhtəşəm tədbiri kənardan izləyənlər bir daha onu da gördülər ki, Azərbaycan Prezidenti heç bir çətinliyə, bəzilərinin təhdid və təzyiqlərinə baxmayaraq, Qarabağda və Şərqi Zəngəzurda yalnız ölkəmizin daxili imkanları hesabına başlatdığı quruculuq missiyasını və “Böyük Qayıdış” Proqramının məqsədlərini əzmlə və sevə-sevə həyata keçirir. Bu bənzərsiz işlər sayəsində torpaqlarımızdan həm də erməni vandallığının acımasız izləri birdəfəlik silinir. O da şübhəsizdir ki, Türkiyə və Pakistan Liderlərinin qürur və sevinc hissi ilə tanış olduqları quruculuq işlərinin miqyasını Ermənistan və havadarları da görürlər. Qərəzsiz müşahidəçilər isə bir daha əmin olurlar ki, torpağa yadelli, yağı düşmən münasibəti ilə əsl ev sahibinin münasibəti arasındakı fərq nədən ibarətdir. Bizləri qürurlandıran bir də odur ki, dədə-baba yurdlarına qayıdan Laçınlıların sevinc dolu, mərd duruşunu artıq bədxahlarımız da görə bilirlər.
Heç şübhəsiz ki, dövlət müstəqilliyi istənilən xalq üçün böyük dəyərlərdən və tarixi nailiyyətlərdən biridir. Lakin o da həqiqətdir ki, həmin dəyərlərə əməldə xidmət etmək hər Liderə nəsib olmur. Prezident İlham Əliyev Zirvə görüşündən bir gün əvvəl Laçın rayonunun sıfırdan qurulan Bəylik kəndinin sakinlərinə yeni evlərinin açarlarını təqdim etdi və bununla bir daha göstərdi ki, əsl Liderin dəyərlərimizə bağlılığı, öz vətəndaşına əməli və səmimi xidməti hansı meyarlarla ölçülməlidir. Əminəm ki, Prezident İlham Əliyevin Laçında Bəylik kəndinin sakinləri ilə görüşü zamanı səsləndirdiyi bu fikir müasir tariximizə həkk olunduğu kimi, gələcək nəsillər tərəfindən də heç vaxt unudulmayacaq: “Belə gözəl, təbii şəraitdə yaşamaq, özü də öz torpağında yaşamaq, əlbəttə, əminəm ki, sizin üçün çox xoşdur. Bu, böyük xoşbəxtlikdir… Artıq uzun illərin Laçın-Xankəndi yolu var. Laçın dəhlizi tarixdə qaldı”.
Ülvi Quliyev
Milli Məclisin deputatı