Əgər İran nüvə silahı əldə edərsə, “bütün variantlar masadadır”.
Busaat.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Farhan deyib.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən 15-ci Dünya Siyasi Konfransında çıxış edən Bin Ferhan bölgədə baş verən hadisələrlə bağlı açıqlamalar verib.
Ölkəsinin İranın nüvə razılaşması ilə bağlı “şübhəsi” olduğunu qeyd edən Bin Ferhan, “İran nüvə silahı əldə edərsə, bütün variantlar masadadır” – deyə, bu ölkəni təhdid edib.
Təhlükəli bölgədə olduqlarını bildirən Bin Ferhan bildirib: “Əlbəttə ki, bölgədəki dövlətlərin öz təhlükəsizliklərini təmin etmələrini gözləyirik. Biz iranlılardan eşidirik ki, onların nüvə silahı proqramında heç bir marağı yoxdur. Buna inanmaq qeyri-mümkündür. Bu barədə daha çox fakta ehtiyacımız var”.
Qeyd edək ki, İranda Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) bildirilməyən üç yerdə nüvə tapıntılarının aşkarlanması və sözügedən nüvə tapıntıları ilə bağlı Tehran rəhbərliyinə ünvanlanan suallara cavab verilməməsi tərəflər arasında gərginliyə səbəb olub.
Agentlik Tehranın bu üç yerlə bağlı bəyanatının texniki cəhətdən inandırıcı olmadığını bildirdikdən sonra MAQATE-nin İcraiyyə Şurası iyunun 8-də İran əleyhinə qərar qəbul edib.
Bunun ardınca İran iyunun 9-da 2015-ci il müqaviləsi çərçivəsində nüvə proqramını izləmək üçün Agentliyin istifadə etdiyi kamera sistemləri başda olmaqla müxtəlif avadanlıqları yığışdırmağa başladığını açıqlayıb.