Banqladeşdə ilin əvvəlindən bu yana 778 nəfər “denq qızdırması” səbəbindən dünyasını dəyişib.
Busaat.az xəbər verir ki, bu barədə Banqladeş Səhiyyə Xidmətləri Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, ilin əvvəlindən ölkədə 778 nəfər “denq qızdırması”ndan ölüb. Yoluxmaların sayı artaraq 157 min 172-yə çatıb.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu rəqəmlərin əslində daha yüksək olduğunu, lakin dəqiq məlumat verilmədiyini qeyd edib.
Digər tərəfdən Muğda Tibb Fakültəsi Xəstəxanasının direktoru Muhammed Niatuzzaman epidemiyanın ölkənin davamlı siyasəti olmadığı və bir çox mütəxəssisin xəstəliyi necə müalicə edəcəyini bilmədiyi üçün daha çox yayıldığını söyləyib.
Niatuzzaman məmurları epidemiyalara qarşı daha yaxşı hazırlığa çağırıb.
Qeyd edək ki, “denq qızdırması” tropik və subtropik bölgələrdə insanlara ağcaqanadlar vasitəsilə keçir. İnkubasiya dövründən sonra yüngül qızdırma ilə müşahidə olunan xəstəlik bəzi hallarda ölümlə nəticələnir.
Ümumiyyətlə, Banqladeşdə yağışlı dövrlər kimi tanınan mart, iyun, sentyabr və dekabr aylarında hadisələrin sayı artır.
Alimlər bildirirlər ki, yüksək temperatur və uzun sürən yağışlar malyariya və “denq qızdırması” daşıyan həşəratların artmasına səbəb olur.
Bu xəstəliyə səbəb olan ağcaqanad növləri su hövzələrində sürfələr yaratdığından, mümkün çoxalma sahələrinin daim dezinfeksiya edilməsi lazımdır.
Xatırladaq ki, Banqladeşdə “denq qızdırması” səbəbindən bir ildə ən çox ölüm halı daha əvvəl 2022-ci ildə 281 olaraq qeydə alınmışdı.








