Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İmişli rayon Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, I Qarabağ müharibəsi iştirakçısı Hacı Qəni Camalzadə ilə görüş keçirilib.
Tədbirdə Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Ədəbiyyat” qəzetində şöbə müdiri Aydınxan Əbilov, yazıçı-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Şahin Həmidli, rayonun yaradıcı ziyalıları, mədəniyyət işçiləri və ədəbiyyatsevərlər iştirak ediblər.
Görüş zamanı İmişli rayon Mərkəzi Kitabxanasının direktoru çıxış edərək çağdaş Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, tarixi romanlar və çoxsaylı hekayələrin müəllifi Hacı Qəni Camalzadənin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.
Daha sonra yazıçı-publisist Hacı Qəni Camalzadə çıxış edərək öz yaradıcılıq yolundan, gələcək planlarından və üzərində çalışdığı yeni əsərlərdən danışıb. O, oxucularla olan qarşılıqlı bağın və yazıçının cəmiyyətə təsir imkanlarının önəmini vurğulayıb.
Tədbirdə çıxış edən qonaqlar yazıçının həyat mövqeyi, yaradıcılıq fəlsəfəsi və onun qələmə aldığı əsərlərin ictimai əhəmiyyəti barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, Hacı Qəni Camalzadə real həyat hadisələrinə söykənən, oxucunu düşündürən və cəmiyyətə dərin mesajlar verən əsərləri ilə geniş oxucu kütləsinin rəğbətini qazanıb.
Sonda iştirakçılar yazıçıya yeni yaradıcılıq uğurları arzulayıb, belə tədbirlərin ədəbi mühitin zənginləşməsində mühüm rol oynadığını vurğulayıblar.